Mirzəyeva Fəridə Namiq qızı,
Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının “Mülki və təsərrüfat hüququ” ixtisası üzrə II kurs magistrantı
E-mail: [email protected]
Dövlət statistika komitəsinin məlumatına əsasən 2023-cü ildə Azərbaycanda nikahların sayı 2022-ci illə müqayisədə 12,5% azalıb, boşanmalar 35,7% artıb. Belə ki, 2023-cü ildə ölkədə 54 200 nikah və 21 688 boşanma faktı qeydə alınıb [7].
Boşanmaların sayında artım olması məhkəmələrin də iş yükünün artmasına gətirib çıxarır. Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən həyata keçirilə bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi mümkündür. Lakin ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barəsində mübahisələr yarandıqda müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq bu xarakterli mübahisələrə məhkəmə qaydasında baxılır [1].
Boşanma zamanı tərəflər arasında yaranmış gərgin münasibət nəticəsində bir çox hallarda mübahisələr bir neçə məhkəmə instansiyasının baxışından keçir. Bu isə həm vətəndaşlar, həm də məhkəmələr üçün daha çox xərcə və vaxt itkisinə gətirib çıxarır. Tərəflər məhkəməyə müraciət etmədən öncə ilk olaraq Mediasiya orqanlarına müraciət etsə də, gərginləşmiş münasibətlər fonunda, xüsusilə də əmlakla bağlı mübahisələrin həll edilməsi ilə bağlı ortaq məxrəcə gəlinməsi çox zaman mümkün olmur və tərəflər yenidən məhkəməyə üz tutur. Bu səbəbdən boşanma zamanı tərəflər arasında yaranmış mübahisələrin həllinin sürətləndirilməsi və xərclərin azaldılması üçün tərəflər arasında nikah müqaviləsinin bağlanması zəruridir.
İlk öncə nikah müqaviləsinin nə olduğunu, Azərbaycanda və xarici ölkələrin qanunvericiliyində nikah müqaviləsinə yanaşmanın necə olduğunu müəyyən edək.
Ailə Məcəlləsinin 38.1-ci maddəsində nikah müqaviləsinin anlayışı təsbit edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir [1].
Nikah müqaviləsinə aid normalar Azərbaycanla yanaşı bir çox digər ölkələrin qanunvericiliyində də öz əksini tapmışdır. Almaniyanın Mülki Məcəlləsinin 1408-ci maddəsində nikah müqaviləsi ilə bağlı qeyd edilir ki, “Ər-arvad özlərinin nikah zamanı əmlak rejimi münasibətlərini müqavilə (nikah müqaviləsi) ilə təmin edə, xüsusən də nikah bağladıqdan sonra nikahın mülkiyyət rejiminə xitam verə və ya dəyişdirə bilərlər” [8].