Əliyev Etibar Əli oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının professoru, hüquq üzrə elmlər doktoru
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
Kərimov Araz Tofiq oğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və
bələdiyyə idarəetməsi” ixtisası üzrə II kurs tələbəsi, vergi xidməti baş müşaviri, hüquqşünas
E-mail: [email protected]
Həsənli Aysel Vüqar qızı,
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi
E-mail: [email protected]
Məlum olduğu kimi, keçmiş sovetlər ittifaqının dağılması ərəfəsində, digər postsovet ölkələri kimi, Azərbaycan Respublikası da öz tarixi dövlət müstəqilliyini bərpa etmiş və ölkədə milli quruculuq işlərinə başlanılmışdır. Lakin bu işlər cəmiyyətdə o dövrlərdə getdikcə dərinləşən ictimai-siyasi, sosial-iqtisadi böhranla əlaqədar nisbi və xaotik xarakter daşıyırdı. Belə ki, çağdaş tariximizin ən yeni və çevik mərhələsində Azərbaycanın qazandığı müstəqillik sırf formal xarakterə malik olmaqla, dövlət idarəçiliyində və cəmiyyətdəki ictimai xaos, tənəzzül, daxili işlər orqanlarındakı qeyri-sağlam ab-hava, çəkişmələr, eləcə də digər amillərin təsiri nəticəsində ölkədə kriminogen durum tam olaraq nəzarətdən çıxmışdı, ümumilikdə isə ölkənin ictimai-siyasi həyatında qeyri-sabitlik hökm sürürdü, hərc-mərclik, qarşıdurma və vətəndaş müharibəsi vəziyyəti yaranmışdı. Belə bir şəraitdə 1993-cü il iyunun 15-də xalqın israrlı tələbi ilə siyasi rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev qanunçuluq və dövlətçilik prinsiplərini rəhbər tutaraq, hökm sürən özbaşınalığa son qoymuş, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edərək, ictimai-siyasi sabitliyin təmin edilməsinə, Azərbaycanın dövlətçiliyinin qorunub saxlanmasına və demokratik hüquqi dövlətin möhkəm əsaslarla qurulmasına nail olmuşdur [1]. Qədim yunan filosofu Aristotel tərəfindən vaxtilə irəli sürülən və sivilizasiyanın tanıdığı «hüquqi dövlət» ideyası öz müstəqilliyini bərpa etmiş suveren Azərbaycan Respublikasının əsas qanunu sayılan Konstitusiyaya da məlumdur. Belə ki, ölkə qanunvericiliyinin normativ-hüquqi bazası hesab edilən, qanunlar sırasında ali hüquqi qüvvəyə malik olan həmin sənəd məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü, bilavasitə iştirakı və rəhbərliyi altında1995-ci il noyabrın 12-də referendum – ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir [2]. Konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsi Azərbaycan dövlətini demokratik, dünyəvi, o cümlədən hüquqi dövlət qismində xarakterizə edərək, hakimiyyət bölgüsü prinsipini onun əsas və başlıca spesifik əlaməti kimi müəyyənləşdirmişdir. Həmin prinsipə görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti Konstitusiyanın müddəalarına əsaslanan, bir-birilə qarşılıqlı fəaliyyət göstərən, öz səlahiyyətləri çərçivəsində müstəqil olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilir və realizə olunur [4].
Dövlət hakimiyyətinin müstəqil sahələrindən (qollarından) biri sayılan icra hakimiyyətinin rolu və əhəmiyyəti, hər şeydən əvvəl, bununla şərtlənir ki, onun köməyi və vasitəsilə dövlətin praktiki idarəçilik fəaliyyəti həyata keçirilir. Praktiki idarəçilik fəaliyyəti realizə olunmadan isə, təbii ki, dövlətin öz funksiyalarını yerinə yetirməsi imkan xaricində olub, sadəcə olaraq, qeyri-mümkündür. Qanunlar əsasında konkret funksiyaları yerinə yetirən və onları realizə edən icra hakimiyyəti orqanları təhsil, daxili işlər, səhiyyə, sosial-təminat, idman, müdafiə və digər sahələrdə praktiki idarəçilik fəaliyyətini həyata keçirirlər.
Öz funksiyasını yerinə yetirmək və praktiki idarəçilik fəaliyyətini realizə etmək prosesində müvafiq hüquqlara malik olan icra hakimiyyəti orqanı kimi, digər qurumlarla yanaşı, daxili işlər orqanları və onun tərkib hissəsi olan polis orqanları əhəmiyyətli rol oynayır. Belə ki,davamlı və stabil inkişafın əsası olan ictimai-siyasi sabitliyin təmin olunması işlərində müstəsna rola malik olan xidmət sahələrindən və dövlətin praktiki idarəçilik fəaliyyətinin həyata keçirilməsinin əsas dayaqlarından biri də polis orqanlarıdır.
Azərbaycan Respublikasının polis orqanları dövlət icra hakimiyyəti orqanları sistemində xüsusi yer tutur. Bu onunla izah edilir ki, cəmiyyət, şəxsiyyət və dövlətin mövcudluğu üçün polis orqanlarının fəaliyyəti mühüm əhəmiyyətə, mübaliğəsiz deyə bilərik ki, prioritet rola malikdir. Məlum məsələdir ki, polis orqanlarının çoxşaxəli və müxtəlif spektrli fəaliyyəti sülh və bəşəriyyətin təhlükəsizliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyətin, iqtisadi fəaliyyətin, ictimai qaydanın və ictimai təhlükəsizliyin, ətraf mühitin, ölkənin konstitusion quruluşunun cinayətkar, kriminal və digər ictimai təhlükəli hüquqazidd əməllərdən qorunmasına, habelə cinayətlərin qarşısının alınmasına yönəlmişdir [5]. Dünya birliyinin tamhüquqlu üzvü olan Azərbaycan Respublikası öz üzərinə düşən vəzifələri icra etmək və qarşıya qoyulan məqsədə nail olmaq üçün nəinki iqtisadi, sosial, mədəni-tərbiyəvi və ekoloji, həmçinin hüquq mühafizə funksiyasını da yerinə yetirir. Eyni zamanda, dövlətin ölkədə hüquq qaydalarının qorunmasına və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə yönələn hüquq mühafizə fəaliyyəti onun digər funksiyaları sırasında birinci yerə qoyulur, çünki belə fəaliyyət, ilk növbədə, insan hüquqlarının realizəsi məqsədinə istiqamətlənmişdir.
Azərbaycan dövləti göstərilən funksiyanı hüquq mühafizə orqanları vasitəsi ilə həyata keçirir ki, polis orqanları onlar arasında fəaliyyət istiqamətinə və səlahiyyət dairəsinə görə seçilir. Polis orqanlarının fəaliyyəti, əsasən, ölkədə təhlükəsizliyin təmin edilməsinə, hüquq qaydasının mühafizə olunmasına, vətəndaşların həyat, sağlamlıq və mülkiyyətinin qorunmasına, eləcə də şəxsiyyət, cəmiyyət və dövlət üçün vacib əhəmiyyəti olan digər obyektlərin mühafizə olunmasına yönəlmişdir. Hətta bəzi xarici ölkələrdə dövlətin mühüm funksiyaları polis tərəfindən həyata keçirilir. Elə bu baxımdan, ABŞ, Almaniya, Böyük Britaniya və Fransa «polis dövləti» (polizeistaat) hesab edilir. Bu kimi ölkələr bir tərəfdən demokratik və hüquqi, digər tərəfdən isə polis dövləti kimi xarakterizə olunur. Nəzərə almalıyıq ki, adıçəkilən dövlətlərdə, ümumiyyətlə, istənilən dövlətdə polis funksiyası, adətən, hüquq-mühafizə funksiyası ilə əhatə olunur. Banisi ümummilli liderimiz Heydər Əliyev olduğu müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, qorunmasında və möhkəmləndirilməsində dövlətin əsas sütunlarından sayılan Azərbaycan polisinin müstəsna xidmətləri vardır. Belə ki, 1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi təşkilati qaydada möhkəmləndirildikdən sonra, məhz həmin dövrdən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan polisinin fəaliyyətində və təkmilləşdirilməsində yeni inkişaf mərhələsi – əsl milli quruculuq və xidməti katarsis işləri başlandı, polis-hüquq münasibətlərini tənzimləyən silsilə normativ hüquqi aktlar qəbul edildi [5].