Mikayıllı Yasin Rasim oğlu,
hüquqşünas
E-mail: [email protected]
Uşaqlar yetkinlik yaşına çatmış şəxslərdən fiziki və psixoloji xüsusiyyətlərinə görə fərqli olsalar da, yalnız XIX əsrin ikinci yarısından sonra uşaqlıq dövrü müəyyən bir müddətlə məhdudlaşdırılmağa başlanılmış və uşaqlıq dövrü bəzi elm sahələrində fərqli kateqoriya olaraq qəbul edilmişdir. Belə vəziyyət uşaqların cəmiyyətdə yerinin və hüquqlarının müəyyən olunması, digər insanlarla münasibətləri ilə bağlı proyektlərinin yaranması və sınaqdan keçirilməsi ilə nəticələnmiş, hüquqazidd əməllərin qarşısının alınması və onlarla mübarizə sahəsində qanunvericiliklərdə də belə əməllər törətmiş yetkinlik yaşına çatmış şəxslərlə uşaqların fərqləndirilməsi, uşaqlara münasibətdə sərt cəzaların tətbiqindən imtina edilməsi kimi yanaşmalar formalaşmışdır. XX əsrin əvvəllərindən etibarən uşaq məhkəmələrinin yaradılması, uşaqlara münasibətdə xüsusi qaydaların qəbulu istiqamətində irəliyə doğru addımlar atılması uşaq mühakimə (cəza) hüququnun yaranmasına gətirib çıxarmış, beynəlxalq səviyyədə uşaqların qorunması ilə bağlı hüquqi sənədlər qəbul edilmişdir. Müasir dövrdə əksər dövlətlərin cinayət və cinayət-prosessual qanunvericiliyinin ümumi prinsipləri keçən əsrdə qəbul edilmiş “Uşaq hüquqlarına dair Cenevrə Bəyannaməsi”, BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası, BMT-nin “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na (“Pekin Qaydaları”) və digər beynəlxalq sənədlərə uyğunlaşdırılmışdır. Lakin müasir dövrdə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi, ibtidai araşdırma müddətləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb edilməsi, tutulması, həbsi, onlara tətbiq edilən digər qətimkan tədbirləri, cəzalar və cinayət-mühakimə icraatının digər elementləri ilə bağlı hüquq sistemləri və ölkələr üzrə fərqli yanaşmalar da mövcuddur.