Eyvazzadə Maya Adil qızı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
E-mail: [email protected]
Hüququn aliliyinə riayət etmək müasir demokratiyanın əsasını təşkil edir. Demokratik bir dövlətin mövcudluğu böyük ölçüdə siyasi liderlərin və hökumətin öz vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməsindən asılıdır. Bununla yanaşı, hüququnun üstünlüyünü qəbul edən və qoruyan güclü və demokratik bir cəmiyyət təkcə siyasi qurumları idarə edənlərin iradəsinə etibar edərək öz dayanıqlılığını təmin edə bilməz. Siyasi gücdən sui-istifadə edilməsindən və əsas demokratik prinsiplərin aşılmasından qaynaqlanan potensial təhdidlərə qarşı cəmiyyətin effektiv şəkildə qorunması, digər vasitələrlə yanaşı, müəyyən bir nəzarət və tarazlıq sisteminin mövcudluğundan asılıdır. Məhkəmənin və vəkillərin müstəqilliyi bu sistemin təməl daşıdır.
Müstəqillik ümumi olaraq kənar təsirlərin, hədə-qorxu ya təzyiqlərin olmaması kimi başa düşülür. Hüquqi baxımdan “müstəqillik” anlayışı müxtəlif hüquqi yurisdiksiyalarda fərqli şərhlərə malik ola bilər, bu səbəblə, sözügedən anlayış hüquqi və siyasi sistemlərin dəyişkənliyi baxımından birmənalı şəkildə qəbul edilməməli, konkret şərtlər və müxtəlif xüsusiyyətlər nəzərə alınmaqla təhlil edilməlidir.
Beynəlxalq hüquqda vəkillərin müstəqilliyinin təminatları milli hökumətlərin vəkillər üçün onların vəzifə borclarını təhdid, hər hansı maneə, hədə-qorxu və ya digər hücumlardan kənar bir mühitdə yerinə yetirə bilmələrini təmin etmə öhdəliyini müəyyənləşdirən, BMT tərəfindən qəbul olunan “Vəkillərin roluna dair Əsas Prinsiplər”də nəzərdə tutulmuşdur. Bir vəkilin müstəqilliyinə dair təminatların başlıca pozuntuları arasında vəkil sirrinin pozulması, müəyyən edilmiş prosessual qaydaya zidd olaraq bir vəkilə qarşı istintaq hərəkətlərinin aparılması, vəkilləri hüquq mühafizə orqanları ilə əməkdaşlığa sövq etmək cəhdləri, vəkili şahid qismində dindirmə daxildir [3]. Bu baxımdan BMT-nin “Vəkillərin roluna dair Əsas Prinsiplər”i müstəqilliyin mövcudluğuna dəlalət edən göstəriciləri müəyyən edərək vəkillərin müstəqilliyinin əhəmiyyətini vurğulamaqla həmin göstəricilərin içərisinə, digərləri ilə yanaşı, vəkillər kollegiyasının effektiv fəaliyyəti, vəkillərin ixtisasının artırılması və peşə hazırlığı, onların vəzifə və səlahiyyətlərini, intizam və digər məsuliyyət məsələlərini daxil edir.
Bütövlükdə və müəyyən bir hüquqi yurisdiksiyanın sosial, siyasi, tarixi və mədəni xüsusiyyətləri kontekstində nəzərdən keçirildikdə vəkillərin müstəqillik dərəcəsinin göstəricisi olan bir sıra şərtlər müəyyən edilmişdir. Bununla yanaşı, müstəqilliyin mövcudluğunu və ya yoxluğunu diktə etmək üçün təklikdə heç bir göstərici yetərli deyildir. Vəkillərin müstəqilliyini xarakterizə edən göstəricilərə aşağıdakılar daxildir: məhkəmələrin müstəqilliyinin konstitusion təminatları; müstəqil birlik və təşkilatlar vasitəsilə assosiasiyalar yaratmaq azadlığı; kollegiyaya qəbul, intizam icraatı və vəkillikdən məhrumetməyə dair açıq və şəffaf qaydalar; peşə sirrinin qorunmasına dair təminatlar; peşə fəaliyyətinin effektiv müstəqil tənzimlənməsi; hərtərəfli ixtisas və peşə hazırlığı. [2]
Məhkəmələrin müstəqilliyi, məhkəmənin hakimiyyətin digər qollarından ayrı olması, digər dövlət orqanlarının hər hansı təsirinə məruz qalmaması deməkdir. Məhkəmələrin müstəqilliyi bir sıra beynəlxalq sənədlərlə təminat altına alınmışdır və hüququn aliliyinin təməl komponentidir. Bir çox hüquqi yurisdiksiyalarda məhkəmələrin müstəqilliyi konstitusional bir təminatdır. Hakimlərin müstəqilliyi onların baxdıqları mübahisələrin ədalətli və qanunauyğun həll olunacağına əminliyi təmin edir [5]. Bu da vəkillərin tərəfsiz və xarici təzyiqlərdən uzaq bir məhkəmə icraatı vasitəsilə ədalətin obyektiv bir şəkildə təzahür etdiyindən əmin olaraq hüquqlarını müdafiə etdikləri şəxsi təmsil etməklərini təmin edir.
Müstəqil Vəkillər Kollegiyasının mövcudluğu vəkillərin müstəqilliyi üçün çox əhəmiyyətlidir, çünki həmin təsisatın rolu, digər təminatlarla yanaşı, güclü idarəçilik fəaliyyəti vasitəsilə vəkillərin rifahının yaxşılaşdırılması və müvafiq ixtisas və peşə hazırlığına malik şəxslərin vəkilliyə qəbulunun həyata keçirilməsi üçün münbit zəmin yaradır. Vəkillər Kollegiyası effektiv fəaliyyət göstərərək qanunlara və qaydalara təsir etməklə bərabər, ədalətin təşviqi və ədalətə nail olmaq üçün bir mexanizm rolunu oynayır [5].
Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.