Türk və Azərbaycan ailə hüququnda valideynlik hüququndan məhrumetmə

Rəhimli Aygün Heydər qızı,

Ankara İldırım Bəyazid Universitetinin Hüquq fakültəsinin magistrantı

E-mail: rehimli.aygü[email protected]

 

Valideynlik hüququndan məhrumetmə xüsusi mühafizə tədbiri Türk Mülki Qanununun 348-ci maddəsi ilə tənzimlənir. Türk Mülki Qanununun 346-347-ci maddələrində tənzimlənən müdafiə tədbirləri uşağı qorumaq üçün kifayət etmədiyi halda, Türk Mülki Qanununun 348-ci maddəsinin müddəasına uyğun olaraq valideynlik hüququndan məhrumetmə barədə qərar verilməlidir. Valideynin xəstəliyi, uzaq yerdə olmağı Türk Mülki Qanununun 348-ci maddəsinin birinci bəndində tənzimlənən valideynlik hüququndan məhrumetmə səbəbləridir. Türk Mülki Qanununun 348-ci maddəsinin 1-ci bəndində “oxşar səbəblər” ifadəsinin istifadə olunması ilə hakimə valideynlik hüququndan məhrumetmə üçün əsas sayıla biləcək faktları genişləndirmək səlahiyyəti verilmişdir. Valideynlərin uşağa kifayət qədər diqqət ayırmaması və vəzifələrini yerinə yetirməməsi Türk Mülki Qanununun 348-ci maddəsinin ikinci bəndində tənzimlənən valideynlik hüququndan məhrumetmə üçün əsasdır. Sözügedən tədbirin məqsədi valideynləri cəzalandırmaq deyil, uşağın mühafizəsini təmin etməkdir.

Azərbaycan ailə hüququnda uşaqların müdafiəsinin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi təşkil edir. Həmin maddədə uşaqlara qulluq etməyin valideynin borcu olduğu və bu vəzifənin dövlət nəzarəti altında olduğu ifadə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində göstərilən əsaslar mövcud olduğu zaman, valideynlik hüququ ləğv edilməlidir. Valideynin öz vəzifələrini yerinə yetirməməsi, uşağa qulluq etmək üçün alimenti bilərəkdən ödəməməsi, üzrlü səbəb olmadan uşağı doğum evindən və ya hər hansı sosial xidmət müəssisəsindən götürməkdən yayınması, valideynlik hüququndan sui-istifadə etməsi, sağlamlığına bilərəkdən zərər vurması və ya uşaqlarının, əri və ya arvadının həyatına qəsdən zərər verməsi, istismar etməsi valideynlik hüquqlarından məhrumetmə üçün əsasdır.

I. Türk hüququnda valideynlik; uşağın himayəsi anlayışı

 

Uşağın himayəsi; 4721 saylı Türk Mülki Qanununun 335-351-ci maddələrində tənzimlənir. Qanunda və beynəlxalq müqavilələrdə uşağın himayəsinin dəqiq tərifi yoxdur. Nəzəriyyədə uşağın himayə edilməsi ilə bağlı müddəalara əsasən müxtəlif təriflər verilmişdir. Verilən təriflərdən birinə görə, uşağın himayəsinin müəyyən bir müddətə bağlılığı, uşaq yetkinləşdikcə uşağın himayəsi vəzifəsi anlayışının dairəsinin daralmasına səbəb olur. Məhz uşağın himayəsi uşağın müstəqil bir şəxs kimi inkişaf etməsinə xidmət edir [26, s. 24]. Verilən digər tərifə görə, uşağın himayəsi azyaşlıların və ya məhdud fəaliyyət qabiliyyətlilərin mallarının və şəxsiyyətinin  mühafizəsini, eyni zamanda təmsil edilmələri barədə qanunun ana-ataya yüklədiyi vəzifələri əhatə etməkdədir [15, s. 81].  Valideynlik hüquq münasibəti qohumluğa əsaslanan, qanundan irəli gələn ana, ata və uşaqlar arasında qarşılıqlı hüquq və vəzifələri əhatə edən münasibətdir. Uşağın himayəsinin valideyn üçün sadəcə hüquq və ya vəzifə olaraq ifadə edilməsi doğru olmayacaqdır. Çünki valideynlik hüququnun itirilməsi zamanı vəzifə davam edəcəkdir. Valideyn aliment öhdəliyini yerinə yetirməli olacaqdır. Eyni zamanda, valideyn himayəsinin vəzifə olaraq ifadə edilməsi bu vəzifənin bitməsi ilə heç bir tələb hüququnun olmadığı mənasına gələcəkdir.  Məsələn, valideynlik hüququndan məhrumetmə barədə qərar verildiyi halda belə, uşaqla ünsiyyətdə olma barədə tələb hüququ saxlanılır [19, s. 285; 26, s. 24; 29, s. 943; 23, s. 23; 30]

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

 

 

Leave A Reply

Registration

Forgotten Password?