Cəlilova Aytən İsa qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Vergi hüququ” ixtisaslaşması üzrə magistrantı
E-mail: [email protected]
Günümüzdə vergi hüququ ən önəmli hüquq sahələrindən biridir. Belə ki, vergilər gəlir əldə edən hər bir fiziki və hüquqi şəxsi yaxından maraqlandığı mövzudur. Hər hansı bir dövlətin rezidenti olan şəxs həm ölkə daxilində, həm ölkədən kənarda əldə etdiyi bütün gəlirlərindən qanunla nəzərdə tutulmuş qaydada və həcmdə vergilərini ödəməyə borcludur [1, m. 73]. Vergi öhdəliyi, bir növ, məcburi xarakter daşıyır. Lakin dövlət tərəfindən müəyyən iqtisadi, sosial və siyasi məqsədlərə nail olmaq üçün bir qisim vergi öhdəliklərinin yüngülləşdirilməsinə yönələn tədbirlər həyata keçirilir ki, onlardan ən başlıcası vergi güzəştləri və azadolmalarıdır. Vergi güzəştləri dövlətin vergi siyasətinin həyata keçirilməsində ən vacib alətdir. Bu baxımdan tətbiq edilən hər bir vergi güzəşti müəyyən məqsədlərə xidmət etməlidir: milli iqtisadiyyatın yüksəldilməsi, ayrı-ayrı sahələrin və ərazilərin inkişafı, elmi tədqiqatların stimullaşdırılması, vergi ödəyicilərinin müəyyən qruplarına (həm fiziki şəxslər, həm də hüquqi şəxslərə) dəstək göstərilməsi, xeyriyyəçilik və s. [10]. Vergi güzəşti ilə bağlı həm iqtisadçıların, həm də hüquqşünasların müxtəlif fikirləri mövcuddur. Lakin vergi hüquq ədəbiyyatında daha çox işlənənləri diqqətinizə təqdim etmək istərdim. V.V. Korovkinə görə, vergi güzəştləri digər vergi ödəyicilərinə nisbətən vergi öhdəliklərinin ölçüsünü azaltmaq məqsədilə bəzi vergi ödəyicilərinə verilmiş imtiyazlardan ibarətdir [4, s. 125]. A.V.Malkonun verdiyi şərhə görə, vergi güzəşti hüquqi güzəştin bir növüdür və bu növ subyektin mövqeyinin qanuni yüngülləşdirilməsini özündə ehtiva edir, onun maraqlarını daha dolğun təmin etməsinə imkan verir. Onun fikrincə, vergi güzəşti həm əlavə, xüsusi hüquqlar (imtiyazlar) verən, həm də öhdəliklərdən azad edən qanuni fayda növüdür [9, s. 367].
DOI: 10.30546/2218-9130. 02.352.2024.52