RƏQƏMSAL MƏHKƏMƏ EKSPERTİZASININ MÜASİR METODOLOGİYASI: TEXNOLOGİYANIN RƏQƏMSAL CİNAYƏT TƏQİBİNDƏ ROLU

Abbasova Firuzə Məmməd qızı,
BDU-nun Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, h.ü.e.d., professor
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
Xəlilov Kamran İsa oğlu,
BDU-nun Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının əyani doktorantı,
hüquq üzrə fəlsəfə doktoru namizədi
E-mail: [email protected]

Müasir dövrdə internetin və rəqəmsallaşmanın inkişafı kibertəhlükəsizlik sahəsində yeni təhdidlərin ortaya çıxamasına səbəb oldu. Belə ki, bir qrup şəxs bu inkişafın gətirdiyi yeniliklərdən öz cinayətkar niyyətlərini həyata keçirmək üçün istifadə etməyə başladı. Artan təhdidlər qarşısında dövlətlərin səlahiyyətli subyektləri kibercinayətkarlıqla davamlı və dayanıqlı mübarizə aparmaq üçün texnologiyanın təqdim etdiyi alət və metodlara müraciət etmək zərurəti ilə üzləşmişdir. Bu baxımdan cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror üçün sözügedən texnologiyaları və onların necə inkişaf etdiyini başa düşmək çox vacibdir. Nəticə etibarilə, hüquq mühafizə orqanları və kibertəhlükəsizlik mütəxəssisləri kibercinayətkarların inkişaf edən taktika və strategiyalarına qarşı effektiv mübarizə aparmaq üçün öz araşdırma üsullarını daim uyğunlaşdırmalı və təkmilləşdirməlidirlər. Bu məqalədə xüsusilə də müstəntiqlər üçün vacib olan texnoloji yeniliklərin istintaqda tətbiqi və onların nə dərəcədə əhəmiyyətli olması halları araşdırılmaqla, rəqəmsal məhkəmə ekspertizasının spesifik əlamətləri əhatəli şəkildə analiz edilmişdir. Kibercinayətlərin istintaqında rəqəmsal sübut əhəmiyyəti daşıya biləcək məlumatların əldə edilməsi üçün müraciət edilən ən mühüm vasitələrdən biri rəqəmsal məhkəmə ekspertizasıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143.1-ci maddəsinə əsasən ibtidai araşdırma və məhkəmə baxışı zamanı sübutların toplanılması üsullarından biri kimi ekspertizanın təyin edilməsi nəzərdə tutulur [2]. Rəqəmsal məhkəmə ekspertizası isə məhkəmə ekspertizası elminin xüsusi və yeni formalaşan sahələrindən biridir [10, s. 367]. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində məhkəmə ekspertizasının növləri konkret olaraq müəyyən edilmişdir. Belə ki, AR Ədliyyə Nazirliyinin 2012-ci il 29 noyabr tarixli 24-N saylı kollegial qərarı ilə qəbul edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə 1 nömrəli Əlavədə Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı müəyyən edilmişdir. Həmin siyahıya əsasən, məhkəmə kompüter-texniki ekspertizası müstəqil ekspertiza növlərindən biri kimi nəzərdə tutulmuşdur [3].

Mövcud hüquq ədəbiyyatında və praktikada kompüter-texniki ekspertizanın tədqiqat obyektlərinə kompüter və onun bloklar sistemi; periferik qurğular, kompüterlərin kommunikasiya qurğuları və hesablayıcı şəbəkələr; məlumatların maqnitdaşıyıcıları və s. daxil edilir. Bundan başqa, bu ekspertiza sahəsi bir sıra yarımsahələrə ayrılır: 1) Aparat-kompüter ekspertizası – Bu yarımsahə kompüter sisteminin texniki vasitələrinin (aparatların) tədqiqatı ilə bağlıdır; 2) Proqram kompüter ekspertizası – tədqiqat üçün nəzərdə tutulan kompüter sisteminin proqram təminatının funksional əsasını, xarakterik xüsusiyyətlərini, şərtlərini və alqoritmini öyrənir; 3) Məlumat kompüter ekspertizası – kompüter sistemində istifadəçinin özü tərəfindən müstəqil olaraq hazırlanan proqramlarla rəqəmsal sübutun axtarışı, müəyyən edilməsi, tədqiqatı və qiymətləndirilməsi üçün həyata keçirilir; 4) Şəbəkə kompüter ekspertizası – şəbəkə texnologiyalarının tətbiqi zamanı kompüter vasitələrinin funksional təyinatına əsaslanır [5, s. 350-351].

Sual yaradan məqam odur ki, hazırkı dövrdə məhkəmə kompüter-texniki ekspertizası rəqəmsal cinayətlər üçün kifayət qədər əhatəli tədqiqat obyektinə malikdirmi? İnformasiya təhlükəsizliyi sahəsi çox sürətlə inkişaf edir. Bu tendensiyanın gətirdiyi yeniliklərə uyğunlaşmaq üçün hər bir sahədə olduğu kimi məhkəmə kompüter-texniki ekspertizasında da innovativ addımlara ehtiyac duyulur. Müasir informasiya təhlükəsizliyi ilə bağlı nəzəriyyə və təcrübə onu göstərir ki, artıq sözügedən ekspertiza növünün öz daxilində yeni sahələrin ayrılması zərurəti vardır. Bu baxımdan məqalədə nəzərdə tutulan məsələlərdən biri məhkəmə kompüter-texniki ekspertizasının tədqiqat obyektini dəqiqləşdirmək üçün bu sahənin rəqəmsal məhkəmə ekspertizası adlandırılması ilə bağlıdır. Digər bir tərəfdən, bir çox müəlliflər məhkəmə kompüter-texniki ekspertizasının yeni bir növünün, mobil rabitə vasitələrinin və smartfonların ekspertizasının müstəqil növ kimi ayrılmasını təklif edirlər. Bu da təsadüfi deyil. Onların fikrincə, bu, kompüter-texniki tədqiqatların effektivliyinə öz müsbət təsirini göstərəcəkdir [4, s. 115]. Təkcə mobil ekspertizanın özündə bir çox fərqli metodlardan istifadə edilir ki, bu da rəqəmsal məhkəmə ekspertizasının yenidən təsnifləşdirilməsinə ehtiyacın olduğuna sübutdur.

Rəqəmsal məhkəmə ekspertizası haqqında müxtəlif yanaşmalar olmasına baxmayaraq, ümumi fikir bundan ibarətdir ki, rəqəmsal məhkəmə ekspertizası istintaq məqsədləri üçün elektron cihazda tapılan məlumatların toplanması və təşkili təcrübəsidir [19, s. 281]. Rəqəmsal məhkəmə ekspertizasının dərindən öyrənilməsi müstəntiqə rəqəmsal sübutları daha asan və tez bir şəkildə əldə etmək imkanı verir. Belə ki, cinayət mühakimə icraatında məhkəmə ekspertizası üç prosessual qərarla həyata keçirilə bilər: müstəntiqin qərarı; cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciəti; məhkəmə baxışı dövründə məhkəmənin müvafiq qərarı ilə [5, s. 177]. Bu baxımdan rəqəmsal cinayət təqibi zamanı müstəntiq öz mülahizəsinə əsasən məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsi haqqında qərar qəbul edərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq ekspert qarşısında müvafiq suallar qoymalıdır. Praktikadan məlumdur ki, ənənəvi cinayətlər üzrə keçirilən ekspertizalarda qoyulacaq suallar müstəntiqlərə yaxşı məlum olsa da, rəqəmsal cinayətlər üzrə müstəntiqin ekspertdən konkret olaraq nə istədiyini bilməsi kifayət qədər önəmlidir. Əgər müstəntiq rəqəmsal məhkəmə ekspertizasının metodologiyasını dərindən bilirsə, sözsüz ki, ekspert qarşısında qoyacağı suallar da dəqiq olacaqdır.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

 

Leave A Reply

Registration

Forgotten Password?