Bağırov Asəf Azər oğlu,
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq hüquq” ixtisasının magistrantı E-mail:[email protected]
Tarixi reallıq göstərir ki, beynəlxalq hüquqdan irəli gələn bəzi prinsiplərin məzmununun müəyyən olunmasındakı ziddiyyətlər praktikada bir çox problemlərə yol açmaqla həmin prinsipləri bəzi qüvvələrin strateji maraqlarının realizəsi vasitəsinə çevirmişdir. Həmin qüvvələr siyasi maraqlarını reallaşdırarkən öz mövqelərini beynəlxalq hüquq normaları ilə əsaslandırmağa çalışır ki, bunun da nəticəsində müvafiq beynəlxalq hüquq normaları subyektiv şərhə məruz qalır. Həmin beynəlxalq hüquq normalarından biri də “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipini müəyyən edən normadır. Belə ki, müstəmləkə və işğalçı hakimiyyətin haqsızlıqlarına son qoymaq məqsədilə yaranan “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi müasir mərhələdə dövlətlərin ərazi bütövlüyünün pozulması ilə nəticələnən işğalçılıq siyasətinin pərdələnməsinə və separatizmə yol açan əsas vasitəyə çevrilmişdir. Bunun ən bariz nümunələrindən biri kimi XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərmək olar. Azərbaycan torpaqlarının 20%-ni işğal edərək həmin torpaqları 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın bu prosesi beynəlxalq ictimaiyyətə “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” adı ilə təqdim etməsi öz işğalçılıq əməllərini pərdələmək siyasətinə xidmət edirdi. İşğalçılıq əməllərini beynəlxalq hüquq normaları aspektindən əsaslandırmağa səy göstərən erməni separatçılarının bu siyasəti Azərbaycan Respublikasının beynəlxalq hüquqla müəyyən olunmuş ərazi bütövlüyünün pozulması ilə nəticələndi. Hərçənd separatizm “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” hüququnu təsbit edən beynəlxalq hüquq normalarına ziddir və bu hüququn reallaşdırılması zamanı dövlətlərin ərazi bütövlüyünün pozulması yolverilməzdir [2, s. 93].
Nəzərə almaq lazımdır ki, “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi ilə qarşılıqlı əlaqəyə və eyni imperativ əhəmiyyətə malik olan beynəlxalq hüququn prinsiplərindən biri də dövlətlərin “ərazi bütövlüyü” prinsipidir. Öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsində əsas məhdudiyyət məhz dövlətlərin ərazi bütövlüyü prinsipinin gözlənilməsi zəruriliyindən irəli gəlir. Belə ki, istisnasız olaraq bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu müəyyən edən beynəlxalq hüquq normalarının digər tərəfdən dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyinə işarə etməsi sözügedən iki prinsip arasındakı qarşılıqlı əlaqənin nəzərdən keçirilməsi zərurətini yaradır.
XX əsrin ortalarında dünya birliyi tərəfindən müstəmləkə sisteminin haqsızlıqlarına son qoymaq məqsədilə qəbul olunan sənədlərdən biri “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannamə”si olmuşdur. Bəyannamənin mühüm cəhətləri müstəmləkə hakimiyyəti altında olan xalqların öz müqəddəratını təyinetmə uğrunda aparılan mübarizənin qanuniliyini tanıması və bu məqsəd uğrunda mübarizə aparan xalqlara qarşı silahlı tədbirlərin yolverilməzliyinin müəyyən edilməsi idi.
Daha ətraflı buradan oxuyun: