Haşımov Elnar Yunis oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının “İnsan hüquqları” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
Mülkiyyət hüququ digər hüquq və azadlıqların ilkin şərtini, mahiyyətini və təminatını təşkil edir. Aydındır ki, mülkiyyət hüququnun olmadığı və ya adi səbəblərdən asanlıqla məhdudlaşdırılıb, aradan qaldırıla bilən cəmiyyətdə digər azadlıqlar da mənfi təsirə məruz qalacaqdır. Cəmiyyətdə sülhü, əmin-amanlığı, sabitliyi, tərəqqini və inam hissini qorumaq üçün mülkiyyətin sağlam düşüncəsini əsas insan hüququ kimi qəbul etməklə həyata keçirilməsi çox vacibdir.
İnsan hüquqları siyasi hakimiyyətdən həmişə mövcud olan və həddindən artıq iqtisadi sui-istifadə hallarına qarşı fərdi şəxsin əsas maraqlarının müdafiəsi vasitəsi kimi özünəməxsus status qazanmışdır. Beləliklə, fərdin emansipasiyası kontekstində mülkiyyət hüquqları siyasi hakimiyyətdən ayrılaraq şəxslərin, ailələrin, 19-cu əsrdə isə xüsusi hüquqi şəxslərin şəxsi sferasına köçürülmüşdür.
Mülkiyyət hüquqlarının, məsələn, müstəmləkəçiliyin sərhəd ölkələrində olduğu kimi, siyasi gücün olmaması kontekstində müzakirə edildiyi yerlərdə, əmək və ya ilk işğal yolu ilə əldə edilən İnsan (“Təbii”) xüsusi mülkiyyət hüququ fikri Torpaq mübahisələrinin həlli üçün bir meyar idi. İlk işğalçının mülkiyyət hüququ ideyası həm də müstəmləkəçiliyin qeyri-qanuni quldurluqlarına və Aristotelin təbii köləlik nəzəriyyələrinə qarşı mühüm tənqidi arqumentdə ilk addım idi [1, s. 231].
Mülkiyyət hüququ sahəsində nəzəriyyələrin iki əsas qrupu fərqləndirilir. Birinci qrup xüsusi mülkiyyətin necə yarandığını izah etməyə çalışır, yəni xüsusi mülkiyyətin mənşəyini göstərmək məqsədi daşıyan faktları təsvir edir. Bu sahədə olan mütəfəkkirlər əşyaların necə şəxsi mülkiyyətə keçdiyini izah etməyə çalışırlar. Digər qrupun tərəfdarları isə, xüsusi mülkiyyət institutu haqqında mühakimə yürütmək və bu quruma haqq qazandırmaq və ya qınamaq cəhdləri ilə əlaqədar fikirlər irəli sürürlər. Başqa sözlə, xüsusi mülkiyyətin tanınması və qorunması və ya pislənməsinin arxasında duran iqtisadi və assosial səbəbləri izah etməyə çalışırlar. Ancaq bəzən bu iki məqsəd birləşdirilir; məsələn, yazıçı iddia edə bilər ki, mülkiyyət xüsusi sahibkarlığı mükafatlandırmaq üçün yaranıb və bunu da etik cəhətdən əsaslandıra bilər.
Bu gün beynəlxalq hüququn mühüm mətnlərində xüsusi mülkiyyət hüququ birmənalı şəkildə qeyd olunur. Belə ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində “Hər kəsin təkbaşına, eləcə də başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququ var” və “Heç kəs öz əmlakından özbaşına məhrum edilə bilməz” ifadəsi öz əksni tapır [2].
“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına” (bundan sonra Avropa Konvensiyası) əsasən, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlər istisna olmaqla və ictimai mənafelər istisna olmaqla heç kəs öz mülkiyyətindən məhrum edilə bilməz [3]. Mülkiyyət hüququ hər bir şəxsin təbii hüquqlarından biridir.
Mülkiyyət hüququnun tanınması və müdafiəsi dövlət sistemi və ideologiyaları ilə sıx bağlıdır. Bununla belə, mülkiyyət anlayışı müxtəlif hüquq sistemlərində müxtəlif cür müəyyən edildiyi kimi, mülkiyyəti ifadə etmək üçün istifadə olunan anlayışlar da müxtəlif mənalara malikdir [4, s. 10].