Haqverdiyev Eldar İslam oğlu,
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası rəisinin tədris işləri üzrə
müavini – tədris şöbəsinin rəisi, polkovnik
E-mail: [email protected]
Qloballaşma şəraitində müasir dünyanın qarşılaşdığı əsas və ən dəhşətli, təlatümlü problemlərdən biri terrorizm, onun müxtəlif təzahür formaları və nəticələridir. Bu təzahür formaları həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müxtəlif dərəcədə özünü göstərir. Müasir dövrün əsas reallığı ondan ibarətdir ki, terrorizm əksər ölkələrin təhlükəsizliyi üçün əngəl olmaqla yanaşı, böyük siyasi, hüquqi, iqtisadi və mənəvi itkilərə və tələfatlara gətirib çıxarır. Terrorizm elə bir amansız bəla, terrorçu isə mənəviyyatını itirmiş elə bir şəxsdir ki, onların qurbanları istənilən ölkə, istənilən şəxs, hətta həmin terrorçunun ən yaxın qohumu ola bilər.
XX əsrin 60-cı illərindən başlayaraq terrorizm xüsusilə daha geniş inkişaf etməyə başlamışdır. Son məlumatlara görə hal-hazırda dünyada 500-dən artıq terrorizmlə qeyri-leqal məşğul olan təşkilat və qruplaşma mövcuddur. Qeyd edək ki, təkcə 1968-1980-ci illəri əhatə edən dövr ərzində bu qruplaşma və təşkilatlar tərəfindən 6700 terror aktı törədilmişdir ki, bunun nəticəsində 3668 adam ölmüş, 7474 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq yaralanmışlar [1, s. 42].
Hazırkı şəraitdə ekstremist əhvali-ruhiyyəli qrup, təşkilat və şəxslərin terrorizm fəaliyyəti güclənmiş, onların antiinsani xarakteri mürəkkəbləşmiş və daha da yüksəlmişdir. Xarici tədqiqat mərkəzlərinin nəticələrinə görə terror sahəsində məcmu büdcə ildə 10 milyarddan 30 milyard ABŞ dollarınadək təşkil edir [2].
Günümüzdə terrorizm bir təzahür kimi yalnız dövlət xadimlərini və beynəlxalq qurumları deyil, eləcə də bütün dünyada milyonlarla vətəndaşı düşündürür. Hal-hazırda hər gün kütləvi informasiya vasitələrində bu və ya digər formada terrorizm problemlərinə və onunla mübarizə yollarına toxunulur. Bu da təsadüfi deyil. Çünki hər gün bu və digər ölkədə dəhşətli terror aktı törədilir. Bunun ən bariz nümunəsi kimi Yaxın Şərqdə baş verən hadisələri və Ukraynada cərəyan edən prosesləri göstərmək kifayətdir. Son dövrlərdə, xüsusilə də ABŞ-da 11 sentyabr 2001-ci il hadisəsindən sonra elə bir hal olmayıb ki, dövlət və hökumət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərində terror problemi müzakirə olunmasın. Beynəlxalq terrorizm artıq dünya üçün özünün təxirəsalınmaz həllini gözləyən qlobal problemə çevrilməkdədir.