Həsənzadə Lalə Yaşar qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ” ixtisaslaşması üzrə 2-ci kurs magistrantı
E-mail: [email protected]
İnzibati proses sferasında qanunçuluğun təminatı prosesində hüquqların qorunması, öhdəliklərin yerinə yetirilməsi və inzibati hüquq subyektlərinin hüquqlarından sui-istifadə hallarına yol verilməməsi çox böyük rol oynayır. Qeyd etmək yerinə düşər ki, heç bir həyat sferası hüquqların pozulmasını istisna etmədiyindən, hüquqların müdafiəsi hüquq fəaliyyətinin əsas ünsürlərindəndir. İnzibati hüquq münasibətlərinin mahiyyəti əsasən, bir tərəfdən dövlətin müxtəlif maraqlarının, digər tərəfdən münasibətin qalan subyektlərinin maraqlarının toqquşmasını ifadə edir. Buna görə də bu münasibətlərdə bir çox hallarda qanunvericiliklə nizamlanmaya ehtiyacı olan hüquqi mübahisələr və münaqişələr ortaya çıxır.
“Müdafiə” kateqoriyasına elmdə müxtəlif mövqelərdən baxılır. Bu onunla əlaqəlidir ki, bu anlayış öz məzmununa, yaranma formalarına, reallaşdırılma üsullarına və vasitələrinə görə çox çətin başa düşüləndir. Bununla belə hüquqların müdafiəsi üçün zəruri olan bir sıra ümumi cəhətlər vardır. Belə ki, qanun ictimai münasibətlərin konkret sferası üçün xarakterik olan alətlərlə müdafiə üsullarının seçilməsi azadlığını tam dəstəkləmir. Nəzəri olaraq, subyektin öz hüquqlarını bu və ya digər müdafiə üsulu ilə qorumaq hüququ var. Lakin praktiki olaraq, yanlış seçilən müdafiə üsulu ona gətirəcək ki, hüququ müdafiə etmək mümkün olmayacaqdır və ya çətinləşəcəkdir. Bundan başqa hüquqların müdafiəsini, pozulmuş hüquqların bərpası üçün zəruri hərəkətləri vaxtında həyata keçirmək lazımdır. Müdafiə üzrə edilən hərəkətlər törədilmiş hüquq pozuntusuna münasibətdə mütənasib olmalıdır.
Bir sıra ölkələrin konstitusiyalarında hüquqların müdafiəsi məsələsinə böyük həssaslıqla yanaşılır. Məsələn, Rusiya Federasiyasının konstitusiyasının məzmunu dövlət müdafiəsi, hüquqi müdafiə, məhkəmə müdafiəsi, sosial müdafiə kimi kateqoriyaları ayırmağa imkan verir. Həmin konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq, vətəndaşların hüquqlarının qorunması haqlı olaraq, dövlətin əsas öhdəliyidir.
Daha ətraflı buradan oxuyun: