Tibb işçisinin hüquqi məsuliyyəti geniş anlayışdır. Bura cinayət, mülki-hüquqi, maddi və intizam məsuliyyəti daxildir. Tibb işçisinin cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən əməlləri törətməyə görə yaranır. Cinayət qanunu təqsirin iki formasını müəyyən etmişdir: cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl isə (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
Cinayət hüququnun nəzəriyyəsində, eləcə də məhkəmə-istintaq təcrübəsində, demək olar, hamılıqla formalaşmış hüquqi mövqeyə görə, həkim səhvi nəticəsində edilən ictimai təhlükəli əməllər təqsirin ehtiyatsız formasında törədilir. Buna görə də bu əməllər həkim “səhvi” kimi qiymətləndirilir. Əks halda, yəni tibb işçisi tərəfindən əməl birbaşa və ya dolayı qəsdlə törədildikdə, bu hərəkət (hərəkətsizlik) nəticəsindən asılı olaraq qəsdən adam öldürmə, qəsdən sağlamlığa zərər (ağır, az ağır, yüngül) vurma kimi tövsif edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə (Sağlamlığın qorunması hüququ) əsasən “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər” [1, s. 16].
Beynəlxalq səviyyədə xəstələrin hüquqlarının müdafiəsi sistemi yalnız XX əsrin ikinci yarısında formalaşmağa başlayıb. O vaxta qədər tibb işçiləri ilə xəstələr arasında münasibətlər əsasən tibbi etika qaydaları ilə müəyyən edilirdi. Sistemin yaradılmasına töhfə verən ilk sənədlər Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1944-cü ildə qəbul edilmiş “Tibbi yardımın göstərilməsi qaydalarına dair tövsiyələr” və 1946-cı ildə Beynəlxalq Hərbi Tribunalın “Həkimlərin Məhkəməsi” adlı məlumat xarakterli protokol formasında dərc edilmiş Nürnberq Məcəlləsi hesab edilə bilər. Xəstələrin hüquqlarının müdafiəsi sisteminin yaradılması üçün ilkin normativ şərtlər insanın sağlamlıq və adekvat tibbi xidmət hüququnu təsbit edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (1948) və hər bir insanın, o cümlədən kifayət qədər maddi imkanları olmayanların tibbi yardım almaq hüququnu bəyan edən Avropa Sosial Xartiyasının (1961) qəbul edilməsi oldu. Bu normativ aktlar beynəlxalq səviyyədə insan ləyaqətinə hörmətlə yanaşılmasına, habelə xəstələrin hüquqlarının müdafiəsi istiqamətində digər beynəlxalq sənədlərin yaranmasına başlanğıc oldu [8, s. 3].