Qəfərli Mirtərlan Midhəd oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Transmili cinayət hüququ” ixtisası üzrə
2-ci kurs magistrantı
E-mail: [email protected]
Cinayətkarlıq sosial bəla kimi bəşəriyyəti daim narahat etmiş və bu bəladan cəmiyyətin xilas olması, göründüyü kimi, bu günədək mümkün olmamışdır. Korrupsiya ilə bağlı cinayətkarlıq dünyanın əksər ölkələrində geniş yayılmış neqativ hadisədir. Korrupsiya latın dilindən tərcümədə əzmək, xarab etmək, zədələmək mənasını ifadə edir. Korrupsiya – sosial-hüquqi hadisə kimi adətən dövlətin məmurlarının, vəzifəli şəxslərinin, ictimai və siyasi xadimlərinin alınması və satılması anlamını verir. Tarixi abidələr bu neqativ əməllərin ta qədim dövrlərə təsadüf etməsinə dəlalət edir. Hələ vaxtilə qədim mütəfəkkirlər (Aristotel) korrupsiyanın siyasətlə bağlı olması fikrini irəli sürmüşdü. Qədim yunan filosofu Diogenin qardaşına “Bəsdir hakimləri ələ almaqla sərvətini artırdın!” müraciəti, Məhəmməd Fizulinin “Salam verdim – rüşvət deyildir deyə almadılar” ifadəsi müxtəlif dövrlərdə cəmiyyət tarixində bu növ cinayət əməllərinin baş verməsinin bariz mənzərəsini təcəssüm etdirir. Min illərin keçməsinə baxmayaraq, cinayətkarlıq, o cümlədən rüşvətxorluq yaşamış, zaman-zaman öz forma və məzmununu dəyişmişdir. Rüşvətxorluq, korrupsiya cinayətləri təhlükəlilik dərəcəsinə görə hər bir dövlətdə bütün növ cinayətlər içərisində ən təhlükəli cinayətlər kateqoriyasına aid edilir. Hüquq ədəbiyyatında qeyd edilir ki, rüşvətalma korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur [1, s. 608]