Hacıyev Həbib Bəhruz oğlu,
hüquq üzrə fəlsəfə doktoru, SOCAR-ın Qaz İxrac İdarəsinin Hüquq şöbəsinin rəisi
E-mail: [email protected]
Təhlükəsizlik ideyası hər bir dövləti və cəmiyyəti, o cümlədən gələcək nəsilləri düşündürən, insanların zəruri ehtiyaclarının ödənilməsinin təmin edilməsinə yönəlmiş davamlı və inklüziv inkişafın mərkəzi mövzularından biridir. Bu mövzuya beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərdə daimi istinadların edilməsi də onun kifayət qədər aktual olduğunu təsdiq edir. Nümunə olaraq BMT Baş Assambleyasının 20 noyabr 1963-cü il tarixdə keçirilmiş 1261-ci plenar iclasında 1904 (XVIII) saylı qətnamə ilə qəbul edilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə”, 1965-ci il dekabrın 7-də BMT Baş Assambleyasının 2037 (XX) saylı qətnaməsi ilə qəbul edilmiş “Sülh, xalqlar arasında qarşılıqlı hörmət və anlaşma ideallarının gənclər arasında yayılması haqqında bəyannamə”, “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiya və s. göstərilə bilər. Digər tərəfdən, artıq heç kimə sirr deyildir
ki, keçmiş Sovetlər İttifaqı dövlətinin süqutu ilə dünyanın əsas siyasi və iqtisadi güc mərkəzləri arasında mövcud olan tarazlıq pozulmuş, birqütblü dünya yaranmışdır. Dünyanı öz təsiri altına almaq istəyən monopolistlərə xidmət edən güclü dövlətlər öz məqsədlərinə nail olmaqdan ötrü münaqişələrin və beynəlxalq terrorçuluğa qarşı mübarizə aparmaq ideyası altında lokal müharibə ocaqlarının yaradılmasında maraqlıdırlar. Belə bir vəziyyətdə isə heç bir şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükədən kənarda qalması mümkün deyildir [8, s. 402-414]. Beləliklə, təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin normal fəaliyyətinin təşkilinin vacib alətlərindən biri olduğundan, diqqəti onun məzmununu aydınlaşdırmağa kömək edən anlayışların mövcud qanunvericilik və doktrinal yanaşmalarına yönəldək.
DOI 10.30546/2218-9130. 01.351.2024.50