Mehdizadə Türkan Rahib qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq, inzibati proses,
iqtisadi və maliyyə hüququ” ixtisaslaşması üzrə magistrantı
E-mail: [email protected]
İnzibati müqavilə institutu bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməkdədir. Azərbaycan Respublikasında isə bu sahə kifayət qədər araşdırılmamışdır. Buna müvafiq olaraq, Azərbaycan Respublikasında inzibati müqavilələrin tətbiqi ilə bağlı formalaşmış təcrübə mövcud deyildir. Belə ki, inzibati müqavilə anlayışı tam formada işlənilməməklə bərabər, bu anlayış qanunvericilikdə də müəyyən edilməmişdir. Lakin inzibati müqavilələrin mahiyyəti dövlət orqanları ilə özəl hüquqi şəxslər arasında ictimai xidmətlər, yəni dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın qurulması olduğundan, onu dövlət-özəl tərəfdaşlığı müqaviləsi də adlandırmaq olar ki, bununla bağlı 09 dekabr 2022-ci ildə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və qüvvəyə minmişdir. Məqalədə araşdırılmışdır:
1) inzibati orqanların birtərəfli aktları;
2) inzibati orqanların bağladıqları müqavilələr;
3) inzibati müqavilələrə verilmiş müxtəlif təriflər;
4) inzibati müqavilə institutunun tarixi inkişafı.
İnzibati orqanların öz fəaliyyətlərini daha çox birtərəfli aktlar qəbul etməklə həyata keçirməsinə baxmayaraq, bir sıra hallarda müəyyən fəaliyyətləri həyata keçirə bilmək üçün ikitərəfli müqavilələr də bağlayırlar. Bu müqavilələri inzibati orqanların bağladıqları müqavilələr, yaxud inzibati orqanların müqavilələri kimi adlandırmaq olar. İnzibati orqanların müqavilələri anlayışı özündə mülki müqavilələr və inzibati müqavilələr anlayışlarını ehtiva edir, yəni inzibati orqanların bağladıqları bir sıra müqavilələr mülki hüquqla, digərləri isə inzibati hüquqla tənzimlənir.
Belə ki, inzibati orqanların malların alınması, xidmətlərin göstərilməsi və s. məqsədilə hüquqi və ya fiziki şəxslərlə bağladıqları, tərəflərin bərabərhüquqlu mövqedə olduğu müqavilələr mülki müqavilələr hesab edilir.
O cümlədən inzibati orqanların aktlarını da inzibati müqavilələrdən fərqləndirmək lazımdır. İnzibati akta “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid müəyyən məsələni həll etmək, yaxud nizama salmaq məqsədilə qəbul edilmiş, ünvanlandığı fiziki və ya hüquqi şəxs (şəxslər) üçün konkret hüquqi nəticələr yaradan sərəncam, qərar, o cümlədən digər növ hakimiyyət tədbiri olaraq anlayış verilmişdir [2].
Belə demək olar ki, inzibati müqavilələrin imzalanması özlüyündə hüquqi akt, yəni əqd olsa da, inzibati müqavilələr inzibati akt deyildir.
İnzibati orqan dedikdə, Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür [1, s. 399].
İnzibati müqavilələrə Azərbaycan Respublikasının qanunvericiliyində və hüquq ədəbiyyatında konkret, geniş anlayış verilmədiyindən, əvvəlcə həmin müqavilələrin digər ölkələrdə yaranması və inkişafını, həmçinin ona verilən müxtəlif tərifləri nəzərdən keçirək.
Ümumiyyətlə inzibati müqavilə anlayışı ilk dəfə XIX əsrdə Fransada istifadə edilməyə başlanmışdır. Fransız doktrinasında inzibati müqavilələrlə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür [4, s. 95].