Mürşüdlü Aysel İsa qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ”
UNESCO kafedrasının “İnformasiya hüququ” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
1.1. Ümumi yanaşma
Telekommunikasiya sektoruna qoyulan böyük investisiyalar nəticəsində internet bütün dünyada təsirli bir ünsiyyət vasitəsinə çevrilmişdir. İnternetin çoxistiqamətli istifadəsi ilə bir sıra hüquqi hadisələr meydana çıxmış və bu səbəbdən də internet xidmətlərinin yerinə yetirilməsində iştirak edən subyektlər ön plana çıxmışdır. İnternet xidmətlərini əlçatan edən subyektlər internet subyektləri adlanır. Bu subyektlər başda telefon və telekommunikasiya təşkilatları olmaqla server, xidmət (host) provayderi, giriş provayderi, məzmun provayderi və istifadəçilərdən ibarətdir. İnternet xidmət provayderləri ayrı-ayrı şəxslərə və ya qurumlara internetə qoşulmağa imkan verən giriş, server icarəsi, domen adının təminatı, server hostinqi və məzmun təklifi kimi müxtəlif xidmətlər göstərən internet elementlərini ifadə edir [5, s. 741]. Xidmət provayderi istifadəçilərə internetə qoşulmağa imkan verən, yəni istifadəçilərlə internet arasında körpü rolunu oynayan fiziki və ya hüquqi şəxslərdir [9,s. 48]. İngilis dilində ISP və ya qısaca internet xidmət provayderi kimi tanınır. İnternet provayderləri axtarış sistemi proqram təminatı, müzakirə və xəbər qrupları provayderləri, veb-sayt sahibləri və internet infrastrukturunu təmin edən telekommunikasiya xidmətləri ilə məşğul olan şirkətlərdir[10, s.151].
DOI: 10.30546/2218-9130. 02.352.2024.53