İDDİA MÜDDƏTİNİN AXIMININ KƏSİLMƏSİ

Həsənova Reyhanə Əhməd qızı,
Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının qiyabi doktorantı
E-mail: [email protected]

 

İddia müddətinin axımının kəsilməsi, qanunda müəyyən edilmiş əsaslar baş verərsə, iddia müddətinin axımının davam etməsində fasilənin yaranması deməkdir. Lakin belə fasilədən sonra iddia müddətinin axımı yenidən başlanır və fasiləyə qədərki vaxt yeni müddətə daxil edilmir. Başqa sözlə, həmin zaman kəsiyi öz hüquqi əhəmiyyətini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 380.1-ci maddəsində iddia müddətinin kəsilməsinin iki əsası müəyyənləşdirilir. Kəsilmə əsaslarının dairəsi konkretdir və genişləndirici təfsir edilə bilməz. Bunlara aşağıdakılar aiddir:
1. Müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi.
2. Borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi. Göründüyü kimi, sadəcə iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsi əsası kimi çıxış etmir. Qanunla iddianın verilməsi üçün müəyyənləşdirilmiş bütün tələblərə əməl edilməsi “müəyyənləşdirilmiş qaydada” iddianın irəli sürülməsi hesab olunur. Məsələn, iddianın məhkəmə aidiyyəti, ərazi aidiyyəti qaydalarına əməl edilməklə verilməsi (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – AR MPM) 3-cü və 4-cü fəsilləri), müəyyən edilmiş forma və məzmun tələblərinə əməl edilməsi (AR MPM-in 149-cu və 150-ci maddələri), tələb hüququ olan şəxs tərəfindən iddiaya cavab verməli olan şəxsə verilməsi, dövlət rüsumunun (tələb edildiyi hal-
da) ödənilməsi və s. hallar nəzərdə tutula bilər. Digər bir məqam isə “iddianın irəli sürülməsi” ifadəsi ilə əlaqədardır. “İrəli sürülmə” ifadəsi özlüyündə cavabdeh şəxsdən müəyyən hərəkətin edilməsini tələb etməklə əlaqədar olsa da, “müəyyənləşdirilmiş qayda”ya tabe tutulması belə tələbin məhkəmə vasitəsilə edilməsini göstərir. Yəni “iddianın irəli sürülməsi” dedikdə “məhkəməyə müraciətin edilməsi” başa düşülməlidir. Bu yanaşma ilə məhkəməyə müraciət anı iddia müddətinin kəsilmə anıdır. Məhkəməyə müraciət anı ərizənin məhkəməyə təqdim edilməsi və ya poçtla göndərilməsi anı (zərfin üzərindəki poçt ştempelinin vurulduğu an) ilə əlaqələndirilməlidir.

DOI: 10.30546/2218-9130. 02.352.2024.15

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?