Süleymanlı Nərgiz Natiq qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə 2-ci kurs magistrantı
E-mail: [email protected]
Hüququn mənbələri dedikdə hüquq normalarının xarici ifadə formaları başa düşülür. Ümumilikdə, hüququn mənbəyi hüquq normalarının rəsmi ifadə forması və təsbit edilməsi kimi, yaxud ümumməcburi qaydalarda öz ifadəsini tapan dövlət iradəsinin təzahür üsulları, yaxud davranış qaydalarına dövlətin məcburi qüvvəsinin verilməsi kimi anlaşılır [1].
Hüququn mənbələri – “fontes iuris” hüquqa dair çoxsaylı elmi tədqiqat işlərinin predmeti olmasına baxmayaraq, hüquq nəzəriyyəsinin tədqiqat obyektlərindən biri kimi öz aktuallığını qorumaqdadır.
“Hüququn mənbələri” termininin istifadə edilməsi uzun müddət elmi müzakirə obyekti olmuşdur. Hüquq elmində ümumi qəbul edilmiş hüququn mənbələrinin anlayışına və sisteminə dair vahid yanaşmanın hələ də mövcud olmaması ilə yanaşı, elmi ədəbiyyatda ən çox istifadə edilən anlayış “hüququn mənbələri” anlayışıdır. Bu terminin istifadə edilməsinə dair mübahisələrin səbəbi əksər hallarda “mənbə” sözünün ümumişləkliyi, eyni zamanda bu anlayışın hüquqla bağlı fərdiliyi tam ifadə etməməsi ilə bağlı olmuşdur. Bu diskussiyalar hələ də hüquqşünas alimlər arasında predmet olaraq qalmaqdadır.
Bu anlayışın qeyri-müəyyənliyinə ilk diqqət çəkənlərdən biri ingilis hüquqşünas alim John Austin olmuşdur. O, “hüququn mənbələri” ifadəsini hakimiyyət səlahiyyəti başa düşürdü, lakin yalnız hüquqi pozitivizmə əsaslanan bu mülahizəsi ümumilikdə qənaətbəxş hesab edilməmişdi [5].
Hüququn mənbələri XX əsrin əvvəllərində “maddi mənbələr” və “formal mənbələr” olmaqla John Salmond tərəfindən fərqləndirilmişdir. Salmondun fikrincə, “maddi mənbələr” hüquqi aktın məzmunu müəyyənləşdirirsə, “formal mənbələr” qanuni səlahiyyətin ifadə formasıdır [6].
Formal mənbələr hüququn mənbələrinin yuridik mənasıdır, yəni qanunun aliliyinin mövcudluğunu təsdiq edən hüquqi aktlardır. Maddi mənbələr isə hüququn məzmununu müəyyən edən səbəblərdir.
XX əsrin ortalarında bir sıra alimlər tərəfindən “hüququn mənbəyi” termini çoxmənalı olduğuna görə, hüququn ifadə formalarını, üsullarını izah etmək üçün bir o qədər də yararlı olmaması əsası ilə bu terminin “hüququn forması” anlayışı ilə əvəz olunmasını təklif edildi. Hətta artıq XX əsrin sonlarına doğru bir çox alim nəzəriyyədə yalnız “hüququn formaları” terminindən istifadə edilməsi təklifi ilə çıxış edirdilər.
Sovet hüquq elmində (S. A. Qolunski, M. S. Stroqoviç, N. Q. Aleksandrov və digərləri) dəqiqliyə nail olmaq məqsədilə daha çox “hüququn mənbələri” termini əvəzinə “hüququn formaları” terminindən istifadə olunurdu. Burada “hüququn formaları” termininin “hüququn mənbələri” terminindən özünü təcrid etməsinə, sonuncu ilə müqayisədə birincinin ayrı termin kimi qəbul edilməsinə dair sovet nəzəriyyəsi yaranmışdı.
Hüququn mənbələrinin növləri hüquq sistemlərinə görə dəyişməkdədir. Bununla belə, ümumi hüquq nəzəriyyəsində hüququn mənbələrinin növlərinə normativ hüquqi akt, məhkəmə presedenti, normativ məzmunlu müqavilə, hüququn prinsipləri, hüquqi adət və hüquqi doktrinalar aid edilir.
Həmçinin, hüququn mənbələrinin iyerarxiyası (əsas və əlavə mənbələrə bölünməsi) dünya ölkələrinin mənsub olduğu hüquq ailələrindən asılı olur. Məsələn, anglo-sakson hüquq ailəsinə mənsub olan ölkələrdə hüququn əsas mənbəyi qismində məhkəmə presedentləri çıxış edir. Həmin hüquq ailəsinə mənsub olan ABŞ-da qanunlar da (statut) hüququn mənbələri sistemində əhəmiyyətli yer tutur. Roman-german hüquq ailəsində əsas mənbə kimi qanunlar çıxış edir. Lakin müasir dövrdə qitə ölkələrinin hüquq sistemlərində məhkəmə presedentlərinin, məhkəmə təcrübəsinin hüququn mənbələri sistemində mənbə kimi tanınmasına rast gəlirik [1, s. 135].
Roman-german hüquq ailəsində hüququn əsas və rəsmi mənbəyi normativ hüquqi aktlardır. Normativ hüquqi aktlar adı altında o aktlar başa düşülməlidir ki, onlar hüquq normalarını təsbit edir, onları hərəkətə gətirir, ümumi xarakterli qaydaları dəyişdirir, yaxud ləğv edir.
Azərbaycanın hüquq sistemi roman-german hüquq ailəsinə mənsub olduğundan, hüququn əsas mənbəyi qismində normativ hüquqi aktlar çıxış edir. Qeyd etdiyimiz kimi, bizim hüquq sistemimizə də aid olan əsas və əlavə mənbələr dəyişikliyə məruz qalır. Bu dəyişikliyə əsas nümunə kimi məhkəmə presedentlərinin mənbə kimi tanınmasını gətirmək olar.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasında hüququn əsas və rəsmi mənbəyidir. Belə ki, qanunvericilikdə normativ hüquqi aktlara anlayış verilərək dairəsi müəyyən edilmişdir. Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir [5].
Normativ hüquqi aktlar haqqında anlayışları ümumiləşdirsək, o qənaətə gələ bilərik ki, normativ hüquqi aktlar səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən, özündə hüquq normalarını ehtiva edən və hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq məqsədilə uzun müddət üçün nəzərdə tutulan hüquqi aktlardır.
Hüquqi adətlər hüququn ən qədim formasıdır və müasir dövrdə hüququn mənbələri arasında nisbətən az yer tutur. Adətlər davranış qaydalarının uzun müddət təkrarlanması və vərdiş halını alması ilə yaranır. Cəmiyyət inkişaf etdikcə, adətlərin hüquqi tənzimləmədə rolu azalır. Qədim Romada hüququn əsas mənbəyi qismində çıxış edən adət normaları, sonrakı dövrdə öz yerini yazılı hüquq mənbələrinə – qanunlara vermişdir.