Cəbiyev Əziz Cəbrayıl oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi
və tarixi kafedrasının “Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası” üzrə magistrantı
E-mail: [email protected]
Hüquq nöqteyi-nəzərindən davranışın iki növü – hüquqauyğun və hüquqazidd davranış fərqləndirilir. Hüquqauyğun və hüquqa zidd davranışın sərhədi hər bir ölkənin hüquqi sivilizasiyasının səviyyəsindən asılıdır. Davranışı hüquqi cəhətdən qiymətləndirmək üçün ilk növbədə həmin davranışın hüquq normasında necə təsbit olunmasını müəyyən etmək lazımdır. Bu cür norma insanlara davranışın bütün xarakterik cəhətlərini izah edərək ziyanlı və təhlükəli davranış haqqında ilkin anlayışın yaranmasına köməklik edir [15, s. 2].
Hüquq pozuntusunun mahiyyətini aydınlaşdırmaq üçün ilk növbədə onun xarakterik cəhətlərinin müəyyənləşdirilməsi vacibdir. Belə ki, istənilən növ hüquq pozuntusu üçün ən başlıca əlamətlər qismində aşağıdakıları qeyd etmək olar [10, s. 389]:
1) qanunvericilikdə qeyd olunan hüquq normasının pozulması ilə müşayiət olunan hüquqa zidlik;
2) cəmiyyət həyatı üçün ictimai təhlükəli xarakter daşıması;
3) müstəqil iradə altında həyata keçirilməsi
[1, s. 18];
4) təqsirin mövcudluğu, yəni hüquq pozuntusu sayılan əməli törədən şəxsin öz davranışına olan qəsdən və ya ehtiyatsızlıq formasında özünü büruzə verən psixi münasibəti. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də qeyd olunduğu kimi, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla
bilər;
5) delikt qabiliyyətli, yəni öz hərəkətlərinin nəticəsini dərk edə bilən şəxs tərəfindən həyata keçirilmə;
6) zərərin mövcudluğu və baş verən zərərlə əməl arasında səbəbli əlaqənin mövcud olması;
7) dövlət tərəfindən məcburi təsir tədbiri ilə müşayiət olunması.
DOI 10.30546/2218-9130. 01.351.2024.121