Bağırov Asəf Azər oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq hüquq” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
1992-ci ildən beynəlxalq əhəmiyyət daşımağa başlayan Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi artıq beynəlxalq müzakirələrin obyektinə çevrilməkdə idi. Həmin tarixi dövrdə müstəqilliyini yeni bərpa etmiş və işğala məruz qalan Azərbaycanın üzərinə böyük yük düşürdü. Çünki xarici ölkələrdəki erməni lobbisinin əməyi hesabına geniş şəkildə təbliğat kampaniyası aparan ermənilər beynəlxalq ictimaiyyətdə Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv təsəvvür formalaşdırmaqla öz istəklərinə nail ola bilmişdilər. Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar çərçivəsində nizama salınmasına yönəlmiş səylər həmin təşkilatlar tərəfindən Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün və o cümlədən Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi faktının tanınması ilə nəticələndi.
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri olan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində atılan addımlar xüsusilə qeyd olunmalıdır. Azərbaycanın BMT ilə siyasi sahədə əməkdaşlığının əsas məqsədi Ermənistanın təcavüzünün genişləndiyi şəraitdə beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verənlərə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi [2, s. 21-22].
Qeyd edək ki, Qarabağ münaqişəsi beynəlxalq xarakter aldıqdan dərhal sonra BMT-nin Baş Katibliyi, Baş Assambleyası, eləcə də Təhlükəsizlik Şurası çərçivəsində müzakirəyə çıxarılan əsas məsələlərdən olmuşdur. Azərbaycan tərəfi 1992-ci il martın 13-də BMT Təhlükəsizlik Şurasına Ermənistanın təcavüzü haqqında müraciət etmişdir [3, s. 109]. BMT-nin münaqişə ilə bağlı mövqeyi Təhlükəsizlik Şurasının “Dağlıq Qarabağ münaqişəsinə dair” adı altında qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdə ifadə olunmuşdur.
BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı faktını təsdiq etməklə yanaşı həmin sənədlərin bir çox çatışmaz cəhətləri də nəzərə çarpmaqda idi. Hər şeydən əvvəl, qətnamələrdə Azərbaycan torpaqlarının bir hissəsinin işğala məruz qalması faktı öz təsdiqini tapmış olsa da, bunun Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş verdiyi konkret olaraq müəyyən olunmurdu. Belə ki, həmin qətnamələrdə əks olunmuş müddəalar münaqişə tərəfi kimi Dağlıq Qarabağ ermənilərinin iştirak etməsi, Ermənistanın isə münaqişədə üçüncü tərəf olması mənzərəsini yaradırdı. Digər tərəfdən qətnamələrdə münaqişənin dinc vasitələrlə nizamlanmasına yönəlmiş çağırış edilsə də, həmin məqsədə hansı mexanizmlərin köməyi ilə nail olunması barədə heç bir göstərişə rast gəlinmirdi. Bu da Təhlükəsizlik Şurasının qətnamələrini yalnız formal səciyyə daşıyan aktlara çevirməkdə idi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ən vacib çatışmaz cəhətlərindən biri subyekt müəyyənliyi ilə əlaqədar olmuşdur. Başqa sözlə, həmin sənədlərdə Azərbaycan ərazilərinin işğala məruz qalması və nəticədə həmin ərazilərdə yaşayan insanların məcburi köçkün vəziyyətinə düşməsi faktının göstərilməsinə baxmayaraq, Ermənistan təcavüzkar dövlət qismində müəyyən edilməmişdir. Ermənistanı birbaşa münaqişə tərəfi kimi müəyyən etməyən həmin sənədlərin təcavüzkar və təcavüzə məruz qalan tərəflər arasında fərq qoymağa maraqlı olmaması beynəlxalq ictimaiyyətin ilk günlərdən etibarən qərəzli mövqeyini ortaya qoymaqda idi. Halbuki Ermənistanın XX əsrin sonlarından başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik hərəkətləri təcavüzün bütün elementlərinə uyğun gəlməklə Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsinə qədər gətirib çıxartmış və sözügedən qətnamələrdə də məhz Ermənistana məxsus silahlı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərindən çıxarılması müəyyən olunmuşdur.
Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.