Nuri Bəsti Qurban qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki prosessual və kommersiya hüququ kafedrasının “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı
E-mail: [email protected]
Hər bir dövlətin mürəkkəb, özünəməxsus maliyyə siyasəti vardır ki, bunun bir halqası qismində vergi münasibətləri mühüm rola malikdir. Yüzillər boyu inkişafın müxtəlif mərhələlərində formalaşmış cəmiyyətlərin sosial və iqtisadi rifahı məskunlaşdığı dövlətlərin düzgün daxili və xarici siyasətindən asılı olmuşdur. İstər keçmiş zamanlarda, istərsə də müasir dövrdə düzgün büdcə sisteminin və buna bağlı olaraq vergi sisteminin qurulması dövlətlər tərəfindən maliyyə münasibətlərinin yüksək tənzimlənməsindən xəbər verir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iqtisadi münasibətlərin yenidən qurulması bazar iqtisadiyyatına keçiddən asılı idi. Dövrün tələbi isə bunu tənzimləyən düzgün normativ bazanın olması idi. 11.07.2000-ci il tarixində qəbul edilmiş və 01.01.2001-ci ildən etibarən qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra AR VM) isə bu yolda uğurlu addım oldu.
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin I hissəsinə əsasən, “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur” [3].
Konstitusiyamızın təsbit etdiyi vəzifələr qismində çıxış edən “vergi borcunun tam və vaxtında ödənilməsi” AR VM ilə ətraflı şəkildə tənzimlənmişdir. Bu istiqamətdə AR VM sistemləşdirilmiş qanunvericilik aktı rolunu oynayır. AR VM vergi növlərini, vergi ödəyicilərini, vergitutma obyektlərini, vergi dövrünü və s. müəyyən etməklə onu tənzimləyir.
AR VM-in 153-181-ci maddələri ilə tənzimlənən Əlavə Dəyər Vergisi (bundan sonra ƏDV) əsas vergi növlərindən biri kimi büdcənin formalaşmasında əhəmiyyətli mövqeyə malikdir [4].
ƏDV-nin yaranması və tətbiqi tarixi XX əsrin ortalarına təsadüf edir. Bu vergi növünün yaranması fransız dövlət xadimi Mauris Laurenin adı ilə bağlıdır. Onun ideyası altında ƏDV yayılmağa başlamış və bir sıra ölkələrin vergi qanunvericiliyində öz yerini tapmışdır [6, s. 130].
Hazırda bazar münasibətlərinə əsaslanan hər bir dövlətdə iqtisadiyyatın inkişafı və bununla bağlı ölkəyə kapitalın cəlb edilməsi, sosial rifahın yüksəldilməsi düzgün vergi siyasətinin aparılmasından asılıdır. Dövlət büdcəsinin formalaşmasında büdcəyə olan əhəmiyyəti etibarilə mənfəət (gəlir) vergisi və ƏDV fərqlənir.
Vergilərin büdcəyə ödənilməsi qaydası iki fərqli formada özünü göstərir: “vasitəli” (dolayı vergi) və “vasitəsiz” (düzünə vergi). Bunlar arasındakı fərq isə vergilərin ödənilməsi qaydasının kimin tərəfindən reallaşdırılmasına görə müəyyən olunur.
Vergi mütəxəssisi S.İsmayılovun fikrincə, “Ona görə vasitəsiz deyilir ki, vergi öhdəliyi vasitəçi olmadan birbaşa vergi ödəyicisinin üzərinə yönəldilir və vergi ödəyicisi tərəfindən ödənilməsi, yaxud təmin edilməsi nəzərdə tutulur” [5, s. 115].
Mənfəət (gəlir), əmlak, torpaq və s. vergi növləri “vasitəsiz” vergilərdir və onlar büdcəyə məhz vergi ödəyiciləri tərəfindən ödənilir. Burada vergi öhdəliyinin icrası həm vergi daşıyıcısı, həm də vergi ödəyicisi qismində çıxış edən şəxsin üzərinə düşür. Bu zaman vergi ödəyicisi heç bir vasitəçi olmadan vergini dövlət büdcəsinə ödəyir. Məsələn, torpaq vergisini ödəyən şəxs bilavasitə ona mülkiyyət hüququ ilə sahiblik edən şəxsdir. Bu aspektdə bu vergi növlərinə “düzünə” vergi növləri deyilir.
Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.