EKOLOJİ HÜQUQPOZMALARA GÖRƏ MÜLKİ-HÜQUQİ MƏSULİYYƏTİN ANLAYIŞI VƏ XÜSUSİYYƏTLƏRİ (I HİSSƏ)

Həmidli Fərman Fəzail oğlu,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının “Təbii ehtiyatlar hüququ; aqrar hüququ; ekologiya hüququ” ixtisası üzrə doktorantı

E-mail: [email protected]

 

Hüquq nəzəriyyəsində mülki-hüquqi məsuliyyətə müxtəlif aspektlərdən yanaşılır. Məsələn, bəzi müəlliflər tərəfindən bu cür məsuliyyətə hüquqpozuntusu törətmiş şəxsə tətbiq edilən, onun əmlakının alınaraq həmin pozuntudan zərər çəkmiş şəxsə verilməsi ilə səciyyələnən hüquqi tədbir növü kimi anlayış verilir [3, s. 647].

Professor E.A.Suxanovun fikrincə, mülki-hüquqi məsuliyyət hüquqpozucusunun davranışının nəticələrindən törəyən və onun üçün arzuolunmaz nəticələr yaradan məhkəmə tərəfindən zərərçəkmiş şəxsin xeyrinə tətbiq edilən və onun əmlakının bərpasına yönələn dövlət məcburiyyət tədbiridir [4, s. 590].

Müəlliflərdən X.A.Cavadov bu anlayışı belə səciyyələndirir ki, məsələn torpaq qanunvericiliyinin pozulmasına görə mülki-hüquqi məsuliyyət törədilən pozuntuya uyğun olaraq şəxsi və ya əmlak xarakterli adekvat məhrumetməyə məruz qalma yaxud ictimai faydalı hərəkətlər etmək öhdəliyinin tanınması aktıdır [5, s. 17].

Hüquq nəzəriyyəsində, bəzi müəlliflər ekoloji hüquqpozmalara görə mülki-hüquqi məsuliyyət daxil olmaqla, mülki-hüquqi məsuliyyəti əmlak məsuliyyəti ilə eyniləşdirilir. Məsələn, S.A.Boqolyubova qeyd edir ki, təbiət obyektlərinin istifadəçilərinə dəymiş zərərin ödənilməsi bu zərərə məruz qalmış şəxslərin qarşısında yaranan mülki (əmlak) məsuliyyətdən başqa bir şey deyildir [6, s. 300-301].

“Mülki-hüquqi məsuliyyət” və “əmlak məsuliyyəti” anlayışları eynimənalıdırmı?! Bir sıra müəlliflər təbii ehtiyatlardan istifadə hüququnun məhdudlaşdırılması, dayandırılması və xitam verilməsi kimi tədbirləri mülki-hüquqi məsuliyyətin növü kimi xarakterizə edir.

Fikrimizcə, “mülki-hüquqi məsuliyyət” və “əmlak məsuliyyəti” anlayışları eynimənalı hesab edilə bilməz. Çünki birinci anlayış ikincidən daha geniş məzmuna malikdir və digər şəxslərin əmlakına vurulmuş zərərə görə məsuliyyətlə yanaşı, həmçinin başqa şəxsin həyatına, sağlamlığına vurulmuş zərərə görə məsuliyyət anlayışını da özündə ehtiva edir. Əmlak məsuliyyəti, məsələn başqa şəxsə məxsus əmlaka maddi ziyan vurma – onu korlama, zədələmə, məhv etmə hallarında, yaxud əgər əmlakın saxlanılması şəxsə həvalə edilibsə, saxlamanın müvafiq qaydalarına riayət edilməməsi nəticəsində əmlakın dəyərinin azalması ilə müşayiət olunan dəyişiklikdə təzahür edən hərəkətlərdə (hərəkətsizlikdə) ifadə edilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyində “mülki-hüquqi məsuliyyət” və “əmlak məsuliyyəti”nin anlayışları verilməsə də, bu anlayışların bir-birindən fərqləndirildiyi görünməkdədir. Məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 888-ci maddəsində əmlakın və mülki məsuliyyətin sığortası fərqləndirilərək birincidə – əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklərin sığortalandığı, ikincidə isə üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklərin sığortalandığı qeyd edilir. Həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində təbii resurslardan istifadə zamanı ətraf mühitə və üçüncü şəxslərə zərərin vurulmasına görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslərin mülki məsuliyyətinin sığortasından danışılır. Göründüyü kimi, qanunverici əmlak məsuliyyətinə nisbətən daha geniş anlayış olan mülki-hüquqi məsuliyyət anlayışından istifadə edərək təbiət obyektləri ilə bağlı daha geniş ictimai münasibətlər sferasını mühafizə altına almaq məqsədini güdür.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?