Mirzəzadə Yusif Emin oğlu,
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə tələbəsi
E-mail: [email protected]
Yaşamaq hüququ insan hüquqlarının müdafiəsi üzrə istənilən sistemdə ən mühüm hüquqdur. Çünki ilkin halda bütün hüquqlar əsasını təbii hüquqlardan götürdüyünə görə konfiqurasiyanın əsası məhz yaşamaq hüququ hesab olunur. O, bütün digər hüquqlar üçün ilkin məntiqi şərtdir və təsadüfi deyil ki, insan hüquqlarının ümumi ifadəsi olan beynəlxalq sənədlərdə yaşamaq hüququ ən öndə gələn insan hüquqlarındandır. Məsələn, İnsan Hüquqları üzrə Universal Bəyannamənin 3-cü, Avropa insan hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın 2-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı, İnsan Hüquqları üzrə Amerikaarası Konvensiyanın 4-cü, İnsan və xalqların hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsi yaşamaq hüququnu nəzərdə tutur. Belə ki, digər hüquq və azadlıqlar yaşamaq hüququndan sonra gəlir. Ümumiyyətlə, yaşamaq hüququ dedikdə, insanın bir sosial varlıq olaraq maddi nemətlərdən və mənəvi dəyərlərdən yararlanması, o cümlədən, ona heç bir maneə qoyulmadan fiziki, bioloji və fərdi mövcudiyyətinin olması və qəbul edilməsi başa düşülür. Hətta insanın fiziki və əqli qabiliyyətsiz olması halı belə, onu yaşamaq hüququndan məhrum etmiş olmur.
Müasir dövrdə dövlətin sosial əsasında insana qayğı dayandığından insanların hüquq və azadlıqlarının təmin olunması, o cümlədən layiqli həyat standartlarının artırılması bünövrəsini yaşamaq hüququndan götürür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra ARK) 27-ci maddəsində əskini tapmış “Yaşamaq hüququ”na dair müddəaya əsasən hər kəsin yaşamaq hüququ vardır və yaşamaq hüququ toxunulmazdır[1]. İstənilən halda insan həyatına qarşı olan hər növ davranış və hərəkət bəzən dolayı, bəzən isə birbaşa yolla yaşamaq hüququna qəsdə gətirib çıxarır. Bu hüquq o qədər geniş və çoxşaxəli bir hüquqdur ki, konstitusiyamızın 3-cü fəslində ehtiva olunmuş əksər müddəalar yaşamaq hüququ ilə bağlıdır və ondan törəmişdir. Məsələn, şəxsi toxunulmazlıq hüququ, təhlükəsiz yaşamaq hüququ və s. kimi müddəalar.