Hüseynli Məharət Ədalət oğlu,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı
E-mail: [email protected]
Məhkəmə hökmü özünün sosial və hüquqi əhəmiyyətinə görə məhkəmə qərarları sistemində xüsusi və əsas yer tutur. Bu, ədalət mühakiməsinin mühüm aktı kimi məhkəmə hökmünün cinayət-prosessual əlamətlərin geniş spektri, cinayət mühakimə icraatında rolu və funksiyaları ilə şərtlənmişdir. H.e.d., prof. M.Ə.Cəfərquliyevin düzgün olaraq qeyd etdiyi kimi, “Bilavasitə məhkəmə hökmü ilə cinayət işi öz mahiyyəti üzrə həll edilir və hökmdə cinayət hadisəsinin mövcud olması, təqsirləndirilən şəxsin təqsirliyi və bu kimi sair suallara qəti cavab verir. Hökmün çıxarılmasına qədər aparılan bütün prosessual hərəkətlər hökmün çıxarılması üçün faktiki və hüquqi şərait yaratmaq məqsədini daşıyır. Hökm çıxarılandan sonra həyata keçirilən prosessual hərəkətlər isə hökmün qanuni, əsaslı və ədalətli olmasını yoxlamaq, habelə onun vaxtında və düzgün icra edilməsini təmin etməyə yönəlir” [4, s. 543].
Məhz hökmün mühüm əhəmiyyəti nəzərə alınmaqla istər Azərbaycan, istərsə də digər ölkələrin cinayət-prosessual qanunvericiliyində məhkəmə hökmünə irəli sürülən tələblər, onun forma və məzmunu ilə bağlı müddəalar öz əksini tapmışdır.
Qeyd edək ki, sovet dövrünün cinayət-prosessual qanunvericiliyində və sovet hüquq doktrinasında birmənalı şəkildə qəbul edilirdi ki, hökm qanuni və əsaslı olmalıdır. Belə ki, Azərb. SSR 9 dekabr 1960-cı il tarixli CPM-nin “məhkəmə hökmü” adlanan 323-cü maddəsində də qeyd olunurdu ki, “Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə öz hökmünü yalnız məhkəmə iclasında baxılmış olan işdəki sübutlara əsaslandırır”. Azərb.SSR CPM-nin 323.3-cü maddəsinə isə göstərilirdi: “İşdə olan sübutlar hakimlər tərəfindən, onların qanunu və sosialist hüquq düşüncəsini rəhbər tutaraq işin bütün hallarının hərtərəfli, tam və obyektiv surətdə baxılması üzərində əsaslanmış olan daxili inamı ilə qiymətləndirilir”.
XX əsrin 90-cı illərində Azərbaycan Respublikası Ali Məhkəməsi də məhkəmə hökmünün tərtibi, onun forma və məzmunu, məhkəmə hökmünə irəli sürülən tələblər və s. məsələlərlə vahid yanaşmanın və məhkəmə təcrübəsinin təşəkkülü məqsədilə “Məhkəmə hökmü haqqında” xüsusi qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli qərarının 1-ci bəndində məhkəmələrin diqqətinin məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilməsinin zəruriliyi qeyd olunmuş, forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olmasının aydın və mötəbər şəkildə əks etdirilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdı [2, s. 189].