Əliyev Samir Sabir oğlu,
Bakı Dövlət Universitetinin doktorantı, hüquq üzrə fəlsəfə doktoru
E-mail: [email protected]
Cinayət tərkibi (corpus delicti) dedikdə, ayrılıqda götürülmüş hər hansı bir hərəkətin və ya hərəkətsizliyin obyektiv və subyektiv xarakterli elə əlamətlərinin məcmusu başa düşülməlidir ki, onların məcmusu bu hərəkəti və ya hərəkətsizliyi cinayət kimi xarakterizə edə bilsin. Corpus delicti-ni təşkil edən obyektiv və subyektiv xarakterli əlamətlərin əsas cəhəti ondan ibarətdir ki, bu əlamətlər qüvvədə olan cinayət qanunu ilə təsbit edilmiş olmalıdır [3, s. 134; 5, s. 11]. Başqa sözlə, corpus delicti dedikdə, cinayət qanunda törədilməsi cəza təhdidi ilə qadağan edilmiş əməlin (hərəkət, hərəkətsizlik) obyektiv və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Bu anlayış əlamətlərin məcmusu kimi xarakterizə edildiyi üçün, belə qənaətə gəlmək olar ki, həmin əlamətlərdən hər hansı birinin əskikliyi tərkibin yaranmamasına səbəb olur. Cinayət hüququnda corpus delicti-nin obyektiv əlamətlərinə cinayətin obyekti və cinayətin obyektiv cəhəti, subyektiv əlamətlərinə isə cinayətin subyekti və subyektiv cəhəti aid edilir [4,s. 171].
DOI: 10.30546/2218-9130. 02.352.2024.25