Hüseynov Raul Elxan oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının magistrantı
E-mail: [email protected]
Prokurorun hüquqi statusu hüquq elmində daim müzakirə olunan və tədqiq olunan anlayışdır. Nəzərə alsaq ki, cinayət mühakimə icraatı çərçivəsində prokuror geniş və əhəmiyyətli tədbirlər həyata keçirir, onun cinayət prosesinin digər iştirakçılarından fərqli olaraq daha böyük nüfuza sahib olması şübhəsizdir.
Prokurorun cinayət prosesində iştirakı hazırlanan və ya törədilmiş cinayət haqqında ilkin məlumatlar əldə olunan andan başlayır. Prokurorun prosessual səlahiyyətləri onun cinayət prosesinin hansı mərhələsində iştirak etdiyindən asılı olaraq müxtəlif xarakter daşıyır.
Prokurorun prosessual funksiya və səlahiyyətlərini iki qrupa bölmək olar:
1) cinayət işi üzrə məhkəməyədək icraatda prokurorun iştirakı ilə bağlı olan funksiya və səlahiyyətlər;
2) cinayət mühakimə icraatının məhkəmə mərhələsində prokurorun iştirakı ilə bağlı olan funksiya və səlahiyyətlər.
Elmi ədəbiyyatda bəzi hüquqşünas-alimlər prokurorun funksiya və səlahiyyətlərini eyniləşdirir. Beləliklə, həmin alimlər prokurorun cinayət-prosessual funksiyasına – cinayət prosesinin vəzifə və məqsədlərini yerinə yetirmək üçün cinayət-prosessual qanunla onun üzərinə qoyulmuş ümumi xarakterli öhdəlik kimi anlayış verirlər. Onlar həmçinin qeyd edirlər ki, mərhələdən asılı olaraq bu öhdəliklər və onların tərkibi dəyişir [6, s. 155]. Hesab edirik ki, prosessual funksiya və səlahiyyət anlayışlarının bir-birinə bənzərliyinə baxmayaraq, bu iki anlayış hüquqi təbiətinə görə fərqlənir. Prokuror nəzarəti çərçivəsində prokurorun həyata keçirdiyi səlahiyyətlər, qanunla ona verilmiş hüquq və öhdəliklərlə məhdudlaşır. Burada prokurorun səlahiyyəti dedikdə, ittiham funksiyasını səmərəli və çəkişmə prinsipinin əsasında həyata keçirmək üçün ona verilən hüquq və öhdəliklərin məcmusu başa düşülür. Cinayət mühakimə icraatının çəkişmə prinsipinin əsasında həyata keçirilməsi üçün cəmi üç prosessual funksiyanın fərqləndirilməsi tələb olunur: ittiham, müdafiə, işi həll etmə (ədalət mühakiməsi) funksiyaları [5, s. 23]. Beləliklə, cinayət-prosessual qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində prokuror ittiham funksiyasını həyata keçirir. Təbii ki, ittiham funksiyası prokurorun cinayət prosesində həyata keçirdiyi başlıca funksiya olsa da, yeganə funksiyası deyil. Buna görə eyni məzmunlu səlahiyyətlər bəzən fərqli-fərqli funksiyaların həyata keçirilməsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – AR CPM) 84.5.1-ci maddəsinə əsasən prokurorun törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq səlahiyyəti vardır. Bu səlahiyyəti həyata keçirərək prokuror insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin törədilmiş və hazırlanan cinayətlərin qarşısının alınması funksiyasını qanunçuluq prinsipi əsasında həyata keçirir. Buradan da aydın görünür ki, prokurorun səlahiyyətləri və funksiyalarını eyniləşdirmək doğru deyil. Funksiyaya qanunla prokurorun üzərin qoyulmuş öhdəlik kimi qiymət verilməsi bu öhdəliklərinin hansı fəaliyyət istiqamətinə yönəldilməsini qeyri-müəyyən edir. Buna görə də cinayət prosesinin konkret iştirakçılarının fəaliyyətini təhlil edərək onların hansı funksiyanı icra etdiyini müəyyən etmək olar. Məhz bu səbəbdən də hüquq ədəbiyyatında prosessual funksiyaya verilmiş ən doğru anlayış onun ümumi məqsədin vahidliyi əsasında ayrı-ayrı qruplarda birləşdirilmiş cinayət prosesi subyektlərinin əsas fəaliyyət istiqaməti kimi qiymətləndirilməsidir [1, s. 15].
Cinayət prosesində prokurorun prosessual funksiyalarının xarakteri məsələsi daim müzakirə əsası olmuşdur və bu barədə elmdə müxtəlif mövqelər irəli sürülmüşdür. Ümumi formalaşmış mövqeyə görə prokuror nəzarəti funksiyasından savayı, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi funksiyası olsa da, elmdə prokurorun ibtidai araşdırmaya prosessual rəhbərlik etdiyi yox, ibtidai araşdırma orqanlarının fəaliyyətinin koordinasiyasını həyata keçirdiyi mövqeyi də vardır. Nəticədə prokurorun hüquq mühafizə orqanlarının cinayət işinin başlanılması və cinayətlərin istintaqı fəaliyyəti üzrə işlərin koordinasiyası funksiyası irəli sürülür.