Cavadov Anar İlyas oğlu,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, vəkil
Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
E-mail: [email protected]
Uşaqlar doğulduğu andan hüquq və azadlıqlara malikdirlər. Belə ki, uşaq hüquqları dövlətlər tərəfindən tanınan və qorunan hüquqdur. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.
Azərbaycan dövləti 21 iyul 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, Azərbaycan Respublikasında uşaq hüquqlarının təmin ediləcəyini və müdafiə olunacağını bütün dünyaya bəyan etmişdir. Habelə Azərbaycan Respublikası uşaq hüquqlarının, həmçinin cinayət törətməkdə təqsirləndirilən, cinayətin şahidi və ya qurbanı olmuş uşaqların hüquq və azadlıqlarının təmin edilməsi üçün üzərinə pozitiv öhdəliklər götürmüşdür. “Uşaq hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsində deyilir ki, bu Konvensiyaya qoşulmuş dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati və ya qanunvericilik orqanlarının öz fəaliyyətlərində əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Göründüyü kimi, uşaqlar cəmiyyətin daha həssas qrupu olduğuna görə onlara daha çox diqqət ayrılmalı, onlara xüsusi yanaşma tətbiq olunmalı, onların davranışları diqqətlə öyrənilməli, o cümlədən uşaqların hüquq və ya mənafeyinə toxunan bütün hallar diqqətlə və hərtərəfli araşdırılmalıdır.