Səfərov Yılmaz Seyfəddin oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq iqtisadi hüquq” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
Beynəlxalq hüquqda dövlətlər iqtisadi imkanlarına görə müxtəlif metodlarla – iqtisadiyyatın həcmi, istehsal göstəriciləri, sosial vəziyyət, səhiyyə və təhsilin vəziyyəti, infrastrukturun təkmilliyi və s. ilə bağlı meyarlara əsaslanaraq təsnifatlandırılır. İqtisadi göstəricilərə görə dövlətləri qiymətləndirmək üçün müxtəlif beynəlxalq təşkilat və ixtisaslaşmış qurumlar tərəfindən tərtib olunan reytinq siyahıları və indekslər mövcuddur. Məsələn, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı öz fəaliyyəti çərçivəsində inkişaf etməkdə olan ölkələrin aşağıda göstərilən sahələr üzrə inkişaf səviyyələrinə diqqət yetirir:
- humanitar inkişafın səviyyəsi (məsələn, təhsilin, səhiyyənin vəziyyəti və s.);
- istehsalat və kənd təsərrüfatının inkişafı (o cümlədən, onların təchizatı, suvarma və digər texniki imkanların mövcudluğu);
- ekoloji təhlükəsizlik tədbirləri (məsələn, atmosferin qorunması, suda və quruda biomüxtəlifliyin mühafizəsi və s.);
- infrastruktur səviyyəsi (məsələn, şəhərləşmənin vəziyyəti, enerji təchizatı, yol və nəqliyyat sisteminin vəziyyəti və s.);
- inzibati idarəçiliklə bağlı vəziyyət (məsələn, korrupsiya, çirkli pulların yuyulması əleyhinə mexanizmlərin, qanunvericilik aktlarının mövcudluğu və effektivliyi).
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı təsnifat zamanı daha fərqli meyarları əsas götürür. Adambaşına düşən cəmi illik qazanc göstəricisi üzərindən təsnifat aparan Dünya Bankı 1994-cü il avqust ayında dərc etdiyi “İllik Hesabat” sənədində həmin göstəricilərə görə dövlətləri aşağıdakı şəkildə fərqləndirmişdir:
- illik gəlirin 725,00 ABŞ dollarından az olduğu 64 ölkə (aşağı gəlirli);
- gəlirin 725,00 – 2.895,00 ABŞ dolları arası (aşağı-orta gəlirli) olduğu 66 ölkə;
- qazancın 2.896,00 – 8.995,00 dollar arası (yuxarı-orta gəlirli) olduğu 35 ölkə;
- daha yüksək illik gəlirin qeydə alındığı (yüksək gəlirli) 44 dövlət [1].
İqtisadi-ticarət dövriyyəsinin artması ilə bu rəqəmlərdə dəyişikliklərin olması qaçılmaz olmuşdur. Dünya Bankının 2014-cü ildə elan etdiyi statistik məlumatlara görə illik adambaşına gəlir 12.735,00 ABŞ dolları və daha yüksək olan ölkələr yüksək gəlirli ölkələr kimi qeyd edilib. İllik adambaşına gəlir 1.045,00 ABŞ dollarından az olan dövlətlər isə az gəlirli, ən az inkişaf etmiş ölkələr hesab edilir [2].