BEYNƏLXALQ HÜQUQ VƏ DÖVLƏTDAXİLİ HÜQUQUN QARŞILIQLI ƏLAQƏSİ

Əhmədova Aysel İsbəndiyar qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının “İnsan hüquqları” ixtisası üzrə II kurs magistrantı
E-mail: [email protected]

Giriş

Beynəlxalq hüququn milli hüquqda yeri həm dövlətin beynəlxalq məsuliyyəti, həm də fövqəlmilli təşkilatlara üzvlük baxımından getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının xüsusi hüquq sahəsində iştirak etdiyi çoxtərəfli müqavilələrin sayı artmışdır. Eyni mövzuda qanunvericilik müddəası varsa, onun həyata keçirilməsinə üstünlük verilir. Uzun illərdir ki, milli hüququn yoxsa beynəlxalq hüququn üstünlüyü ilə bağlı fikirlər kifayət qədər aydın olmadığından doktrina və məhkəmə qərarlarında müxtəlif fikirlər ortaya çıxır. Doktrinada hansı monist və ya dualist baxışın qəbul edilməsindən asılı olmayaraq, dövlətlərin beynəlxalq məsuliyyəti baxımından məhkəmə təcrübəsinin əhəmiyyəti vurğulanır. Üçüncü yanaşma kimi qəbul edilən koordinasiya nəzəriyyələri hər bir sistemin öz sahəsindəki üstünlüyünə əsaslanır. Məqalənin birinci hissəsində nəzəri yanaşmalar, ikinci hissəsində isə beynəlxalq hüquq normalarının milli hüquq sisteminə implementasiyası yer alıb.

 

  1. Nəzəriyyələr

 

Beynəlxalq hüquq və milli hüquq arasındakı əlaqənin mahiyyəti uzun müddətdir müzakirə olunan və hələ də tam müəyyən edilməmiş bir fenomendir. Münasibətlərin müəyyənləşdirilməsi cəhdi beynəlxalq hüquq doktrinasının mühüm məsələlərindən biridir. Beynəlxalq hüququn tətbiqi formalarından biri olan beynəlxalq müqavilələrin milli hüquqda yerinin müəyyən edilməsi dövlətlərin öhdəlikləri çərçivəsindədir və beynəlxalq münasibətlər baxımından günü-gündən əhəmiyyət kəsb edir. Münasibətləri milli hüquq baxımından şərh etməyə kömək edən fikirlər var.

Beynəlxalq hüquq və dövlətdaxili (milli) hüquq müstəqil fəaliyyət göstərən, lakin bir-biri ilə əlaqədə olan və bir-birinə qarşılıqlı təsir göstərən hüquq sistemləridir. Hər 2 hüquq sistemi avtonom fəaliyyət göstərən hüquq sahəsi olsa da,  bu iki sistem arasında münasibətlərə dair xüsusi nəzəriyyələr də formalaşmağa başlamışdır. Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətini izah edən müxtəlif nəzəriyyələr vardır [4, s. 15].

Bu sahədə mövcud olan nəzəriyyələrdən ən çox yayılanı monizm nəzəriyyəsidir. Bu nəzəriyyənin ən görkəmli  nümayəndəsi H.Kelzendir. Bu nəzəriyyənin tərəfdaşları beynəlxalq hüququ və milli hüququ vahid sistemin iki komponenti hesab edirlər. Eyni zamanda monizmin nümayəndələri hər iki hüquq sahəsinin müstəqil şəkildə eyni sahədə fəaliyyət göstərdiyini bildirirlər. Lakin bu o demək  deyil ki, hər iki sahə arasında ziddiyyət ola bilməz. Monizm nəzəriyyəsinə tələblərinə görə, dövlət milli hüququ beynəlxalq hüququn normalarına uyğunlaşdırmalıdır.

Monizm nəzəriyyəsindən danışarkən tərsinə monizm nəzəriyyəsinə nəzər salmaq lazımdır. Bu cərəyanın əsasını Hegel qoymuşdur. O daha çox milli hüququn beynəlxalq hüquqdan üstünlüyə malik olduğunu bildirirdi. Tərsinə monizm nəzəriyyəsinin tərəfdaşları beynəlxalq hüququn milli hüquq sisteminin tərkib hissəsi olduğunu müdafiə edir. Həmçinin cərəyana əsasən beynəlxalq hüquq xarici hüququ kimi səciyyələndirilir.

Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətinə dair nəzəriyyələrdən biri də dualizmdir. Bu nəzəriyyənin əsas nümayəndələrindən biri də Tripeldir. Dualizm nəzəriyyəsinə görə, hər iki hüquq sahəsi müstəqil fəaliyyət göstərən hüquq sistemləridir. Həmçinin bu nəzəriyyənin tərəfdaşları dövlət daxili hüquqla beynəlxalq hüququn bir-birindən ayrılıqda mövcud olduğunu qeyd edirdilər. Dualizm tərəfdaşları beynəlxalq hüququn eyni mühitdə fəaliyyət göstərməsini qəbul etmir, ancaq etiraf edirlər ki, onların eyni predmeti vardır. Dualizmə görə, beynəlxalq məhkəmələr beynəlxalq hüququ, dövlətdaxili məhkəmələr isə milli hüququ tətbiq edir. Eyni zamanda dualizm doktrinasından belə qənaətə gəlmək olar ki, dövlətin fəaliyyəti  öz ərazi hüdudlarında tam qanuni ola bilər, lakin eyni davranış beynəlxalq məsuliyyət doğura bilər.

Bu sahədəki nəzəriyyələrdən biri də koordinasiya nəzəriyyəsidir. Bu nəzəriyyənin nümayəndələri (Antsilotti, Fitsmoris) beynəlxalq hüquq və dövlətdaxili hüququn eyni sahədə fəaliyyət göstərməsini və eyni predmeti olmasını inkar edirlər. Onların fikrincə, bu iki hüquq sistemi heç vaxt ziddiyyətdə olmur. Hər sistemin «öhdəlikləri» kolliziyada ola bilər və hansı öhdəliyin üstün olmasını hüquq sistemi özü müəyyən edir. Belə ki, milli hüquq məsələnin həllini beynəlxalq hüquqa «göndərmirsə», müvafiq milli hüquq norması tətbiq edilir və əksinə [3, s. 25]. Göründüyü kimi, bu yanaşma dualizm nəzəriyyəsi ilə, demək olar ki, eynidir və praktiki baxımdan onların arasında çox cüzi fərq vardır. Fərq, əsas etibarilə, nəzəri cəhətdəndir: indi haqqında danışdığımız nəzəriyyənin məğzində duran ideya ondan ibarətdir ki, – bu, onun adından bəllidir, – beynəlxalq hüquq və dövlətdaxili hüquq sistemi kimi bir-biri ilə ziddiyyətdə olmur; monizm və dualizm isə «konfrontasiya» nəzəriyyələridir.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

 

Leave A Reply

Registration

Forgotten Password?