Qurbanova Nilufər Mehman qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
Beynəlxalq humanitar hüququn tətbiqi məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki bu hüquq sahəsinin normalarının nə zaman və hansı halda tətbiq olunacağı mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün onun tətbiq sahələrinə nəzər salmaq lazımdır. Bu hüquq sahəsinin anlayışından da onun tətbiq dairəsi bariz şəkildə görünür. Beynəlxalq humanitar hüququn tətbiq vəziyyətinə görə 2 növünü fərqləndirmək olar:
1) beynəlxalq silahlı münaqişələrə tətbiq edilən;
2) qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrə tətbiq edilən.
Bu bölgüdən də aydın olur ki, beynəlxalq humanitar hüquq normaları xarakterindən, yaranma formasından asılı olmayaraq bütün növ silahlı münaqişələrə tətbiq olunur. Cenevrə konvensiyasının müvafiq maddəsinin məzmununu təhlil etsək görərik ki, hər hansı formada silahlı münaqişə davam etmə müddətindən və digər bu kimi hallardan asılı olmayaraq, silahlı qüvvənin tətbiqi nəticəsində yaranan münaqişədir. Bu hüquq sahəsinin normalarının tətbiq olunması üçün bütün tərəflərin münaqişə vəziyyətini tanıması vacib şərt deyil. Çünki Cenevrə konvensiyasının 2-ci maddəsinə əsasən hər hansı silahlı münaqişə və ya müharibə zamanı tərəflərdən birinin münaqişəni tanımaması beynəlxalq humanitar hüquq normalarının tətbiqini məhdudlaşdırmır [2, s. 3]. Bunu belə izah etmək olar ki, beynəlxalq humanitar hüquq dövlətlərin deyil, insanların hüquqlarının mühafizəsinə yönəldiyi üçün münaqişə tərəfi kimi çıxış edən dövlətlərdən hər hansı biri müharibə vəziyyətini tanımasa da, bu hüquq sahəsinin normaları insanların hüquqlarını müdafiə etmək üçün tətbiq olunacaq. Bir məsələyə də toxunmaq lazımdır ki, münaqişədə iştirak edən dövlətlərdən heç biri müharibə vəziyyətini etiraf etməsə də, beynəlxalq humanitar hüquq normaları həmin münasibətlərə şamil olunacaq.
Silahlı münaqişə zamanı tərəflərdən birinin ərazisi tutulduqda da bu hüquq sahəsinin normaları tətbiq olunacaq. Bu məsələ Cenevrə Konvensiyasının müvafiq maddəsində də göstərilmişdir. Həmin maddədə qeyd olunur ki, silahlı münaqişə nəticəsində Razılığa gələn Yüksək tərəflərdən birinin ərazisi işğal olunduqda da Konvensiyada nəzərdə tutulan normalar tətbiq olunur. Bir məsələyə də nəzər salmaq lazımdır ki, bu normaların tətbiqi üçün ərazinin tam işğalı və ya yaralıların sayı vacib şərt deyil [5]. Yəni ərazinin bir hissəsinin işğal olunması beynəlxalq humanitar hüquq normalarının tətbiqi üçün əsasdır. İşğal zamanı silahlı müqavimətin göstərilməsi də vacib şərt hesab olunmur. Çünki silahlı müqavimətin göstərilməməsi bu hüquq sahəsinin normalarının tətbiqini istisna etmir.
Silahlı münaqişə zamanı mühüm məsələlərdən biri də tərəflərin Cenevrə Konvensiyasının iştirakçısı olub olmamasıdır. Burada diqqət yetirilməli olan əsas məsələ kimi Konvensiyanın iştirakçısı olmayan tərəflərə münasibətdə beynəlxalq humanitar hüquq normalarının necə tətbiq olunması göstərilir. Bildiyimiz kimi, silahlı münaqişə zamanı tərəflər Konvensiyanın iştirakçısı hesab olunurlarsa, onlara münasibətdə bu Konvensiyanın normaları şamil olunacaq. Bəzən ola bilər ki, münaqişənin tərəflərindən biri digər dövlətlərdən fərqli olaraq Konvensiyanın iştirakçısı olmasın. Bu zaman həmin dövlətə münasibətdə bu normalar tətbiq olunmayacaq. Burda bir məsələyə nəzər salmaq lazımdır. Əgər həmin dövlət Konvensiyanın iştirakçısı olmasa da, orada göstərilən normaları qəbul edirsə bu zaman ona da bu normalar tətbiq olunacaq. Bu dediklərimiz Konvensiyanın 2-ci maddəsinin müvafiq bəndində göstərilmişdir.