Qasımlı Nəzrin Rövşən qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
Uzun müddət nəzəriyyə və beynəlxalq münasibətlər praktikasında formalaşmış yanaşma ondan ibarət olub ki, fiziki şəxslər beynəlxalq cinayətləri törətmiş olsalar da belə, onların əməli “dövlətin cinayəti” aktı konsepsiyasına əsaslanmaqla, dövlətin fəaliyyəti hesab edilmiş və bu da təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması imkanını, təbii ki, müvafiq dövlətin siyasi maraqları nəzərə alınmaqla, mümkünsüz etmişdir. Başqa sözlə desək, bu skeptik (yanlış) yanaşma daha çox beynəlxalq hüquqla qadağan olunan ciddi pozuntuları, məsələn, müharibə adət və qanunlarını kobud və kütləvi şəkildə pozan və dövlətin birbaşa siyasətini həyata keçirən dövlət və hökumət başçılarını, yüksək rütbəli hərbi rəisləri və b. cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə bağlı olmuşdur. Müharibə qanun və adətlərinin ciddi və kobud surətdə pozulmasına görə universal yurisdiksiya prinsipinə söykənməklə fərdi cinayət məsuliyyətinin reallaşdırılmasına cəhd I Dünya müharibəsinin qurtarmasını hüquqi cəhətdən rəsmiləşdirən 1919-cu il Versal sülh müqaviləsində edilib. Həmin müqavilənin şərtinə görə 1914-1918-ci illər ərzində baş vermiş hərbi əməliyyatlar zamanı müharibənin adət və qanunlarına zidd istifadəsi qadağan olunan silahlardan və metodlardan istifadə üçün birbaşa göstəriş vermiş alman imperatoru II Vilhelm və onun yaxın silahdaşlarının mühakimə edilib cəzalandırılması üçün müttəfiq ölkələrin (Rusiya, Fransa, İngiltərə və b.) səlahiyyətli nümayəndələrindən ibarət istintaq komissiyasının və xüsusi məhkəmənin yaradılması nəzərdə tutulmuşdu. Lakin Niderland hökuməti ondan siyasi sığınacaq alan alman imperatoru II Vilhelmi ekstradisiya etməkdən imtina etdiyinə görə fərdi cinayət məsuliyyətini reallaşdıracaq beynəlxalq yurisdiksiyalı məhkəməni təsis etmək mümkün olmamışdır. Əsas səbəb isə, qeyd olunduğu kimi, Almaniyanın keçmiş kayzerinin Niderland hökumətindən siyasi sığınacaq alması idi [9, s. 6]. Yalnız Leypsiq məhkəməsi müharibə cinayətlərində ittiham olunan 896 təqsirləndirilən şəxslərdən altısına yüngül cəzalar təyin etməklə kifayətlənmiş və beləliklə, beynəlxalq cinayətlərə görə fərdi cinayət məsuliyyəti təmin edilməmişdir. Məhkəmə proseslərinin bir qismi Almaniyanın Ali Məhkəməsi tərəfindən həyata keçirilmişdir. Maraqlı məqamlardan biri ondan ibarət idi ki, Almaniyanın Ali Məhkəməsi təqsirləndirilən hərbi cinayətkarların mühakiməsi zamanı beynəlxalq hüquqdan daha çox, hüquqi əsas qismində alman cinayət hüququna istinad etmişdir. Təbii ki, bu yanaşma həmin dövrün reallığı kimi qiymətləndirilməlidir. Ona görə ki, həmin zamanlarda müharibənin adət və qanunlarının kobud və ciddi pozuntularını, insanlıq əleyhinə cinayətləri qadağan edən yazılmış hər hansı beynəlxalq hüquq sənədi olmamışdır, baxmayaraq ki, adları çəkilən beynəlxalq cinayətlər beynəlxalq hüquqi adətlərlə formal baxımdan qadağan edilirdi.
Daha ətraflı buradan oxuyun: