AZƏRBAYCANDA ƏMƏK MÜBAHİSƏLƏRİ ÜZRƏ MEDİASİYA PROSESİ NƏTİCƏSİNDƏ ƏLDƏ EDİLMİŞ BARIŞIQ SAZİŞİ: HƏQİQƏT, YOXSA FİKSİYA

Abasova Günay Xanoğlan qızı,
“Hüquq və İnsan Haqları İnstitutu” PHŞ, hüquq tədqiqatçısı
Ünvan: Bakı şəh., H.Cavid pr. 125

“UNİON” Vəkil Bürosu, vəkil
Ünvan: Bakı şəh., Ağa Nemətulla küç. 232
E-mail: [email protected]
Tel: 050 647 01 27

 

Azərbaycanda əmək mübahisələrinin həllində  məcburi mediasiya institutunun  01 iyul 2021-ci ildən etibarən tətbiqinə baxmayaraq, bu ictimai münasibətlər qanunla yetərincə tənzimlənməmiş və bu səbəbdən mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin hüquqi fakt olaraq tanınmasında, sazişdən əmələ gələn hüquq və vəzifələrin yerinə yetirilməsində, işçi və işəgötürənin hüquq və maraqlarının qorunmasında kifayət qədər problemlər mövcuddur.

Bu məqalədə əmək mübahisələrinin həllində mediasiya institutu və mediasiya prosesində əldə olunmuş barışıq sazişinin hüquqi statusu, onun perspektivləri, bu sahədə mövcud boşluqların aradan qaldırılması üçün qanunvericiliyə dair təkliflər irəli sürülür.

İlk öncə əmək mübahisələri üzrə mediasiyanın hüquqi mahiyyətini və fəlsəfəsini diqqətinizə çatdırmaq istərdik. Mediasiyanın əsas məramlarından biri işçi və işəgötürən arasında yaranmış mübahisənin barışıq yolu ilə həll edildiyi zaman qarşılıqlı hörmətin qorunmasıdır. [2, s.2]Burada işçinin əmək vəzifələrini icra etdiyi zaman şəxsi inciklikləri və mənfi emosiyaları bir kənara qoyulması gözlənildiyi kimi, işəgötürənin  həyata keçirdiyi  siyasətinə işçinin həqiqətən sadiq qalmasına və vicdanla əmək funksiyalarını yerinə yetirməsinə inamın yaranması da vacibdir.

Bu institut bir çox xarici ölkələrin hüquq sisteminin əhəmiyyətli tərkib hissəsi olmuş və mediasiya tətbiq edildiyi zaman yüksək effekt vermişdir. Belə ki, ABŞ-də yaranan əmək mübahisələrinin 95%-i, İngiltərədə 90-95%-i, Almaniyada 90%-i mediasiyada barışıq  sazişi ilə yekunlaşır və işlər məhkəməyə gedib çıxmır [6].

Azərbaycan məhkəmə təcrübəsindən bəlli olur ki,  əmək mübahisələrinin əksər hissəsi işə bərpa ilə əlaqəlidir və mediasiyanın həqiqətən səmərəli institut olmasını bu sahədə aydın görmək olur. Onu da qeyd etməliyik ki, işçi məhkəmə qaydasında öz iş yerinə bərpa edildikdə bir müddət keçdikdən sonra öz xahişi ilə iş yerindən ayrılır. Buna səbəb işəgötürənlə işçi arasında münasibətlərin pozulması, qarşılıqlı hörmətin aradan getməsi olur.[5] Bundan fərqli olaraq, mediasiya vasitəsilə işçi işə bərpa edildikdə adətən o, iş yerində həqiqətən çalışmağa davam edir. Çünki mediasiya vasitəsilə hər iki tərəf öz mövqeyində nələrisə dəyişməli olur, bir-birilərinə qarşı müəyyən tələblərdən imtina etməli olur və beləliklə, münasibətlər qorunur, işçi və işəgötürən arasında qarşılıqlı məmnunluq hissi yaranır.

Daha ətraflı

Leave A Reply

Registration

Forgotten Password?