Hilallı Elməddin Nüsrət oğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə Fakültəsinin əyani şöbəsinin “Dövlət hüququ” ixtisaslaşması üzrə
2-ci kurs magistrantı
E-mail: [email protected]
Azərbaycan Respublikasının vətəndaşlığının anlayışı. Vətəndaşlıq institutu ilk dəfə Qədim Yunanıstanda meydana gəlmişdir. Qədim Yunanıstanda vətəndaşlar dövlətin işlərində iştirak etmək hüququ olan şəxslər idi. Vətəndaşlıq hüquq institutundan bəhs etməzdən əvvəl, “vətəndaş” və “təbəə” terminlərinə diqqət yetirək. Hüquq nəzəriyyəsində “vətəndaş” və “təbəə” terminləri bir çox hallarda sinonim söz kimi işlədilir. Lakin bu terminlər arasında müəyyən fərqlər mövcuddur. Vətəndaşlıq hüquq münasibətinin subyektləri vətəndaş və dövlətdir. Vətəndaş hüquqlara malik olduğu kimi eyni zamanda dövlət qarşısında müəyyən vəzifələr daşıyır. Təbəə isə dövlət qarşısında vəzifələr daşıyır, hüquqlara malik olmur. Bu baxımdan yanaşsaq, təbəə termini daha çox monarxiya idarəetmə formasına xas olan anlayışdır.
Vətəndaşlıq institutu son dərəcə mühüm əhəmiyyət kəsb edir, çünki həm siyasi, həm də hüquqi baxımdan zəruridir. Vətəndaşlıq dövlət ərazisində şəxsin hüquqi statusunun əsaslarının strukturunu və məzmununu müəyyən edən mühüm hüquqi kateqoriyadır. Məhz vətəndaşlıq fərdlə dövlət arasında məkan baxımından sabit və zaman baxımından davamlı hüquqi əlaqənin yaranmasına, onların qarşılıqlı ictimai hüquq və vəzifələrinin məcmusunu bərqərar etməyə kömək edir [4, s. 54-57].
Vətəndaşlığın konseptual aparatı müxtəlif elmi yanaşmalarla zəngindir. Azərbaycan dövlət hüququnda bu anlayışın terminoloji xüsusiyyətlərinə dair fikirlərin inkişafı bir sıra hüquqşünas alimlərin tədqiqatının predmeti olmuşdur. Ziyafət Əsgərov, Elşad Nəsirov, Ceyhun Qaracayev, Əmir Əliyevin bu mövzu ilə bağlı müxtəlif araşdırmaları mövcuddur.
Konstitusiya hüququ elmində vətəndaşlıq dedikdə – bir insanın dövlətlə hüquqi əlaqəsi başa düşülür. Dövlət hakimiyyəti xaricdə olan vətəndaşlara da şamil edilir. Dövlət, vətəndaş dövlət xaricində olsa da, vətəndaşdan vəzifələrini yerinə yetirməsini tələb edə bilər. Eyni zamanda, dövlət öz vətəndaşlarını harada olursa-olsun qorumalı, onlara yardım və himayə etməlidir [5, s. 72].
Vətəndaşlıq hüquq institutuna konstitusion müstəvidə diqqət yetirsək, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində hakimiyyətin mənbəyindən bəhs olunur. Həmin maddənin ikinci hissəsində qeyd olunur: “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir” [1].
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində definitiv norma müəyyən olunub və həmin normada vətəndaşlığa anlayış verilir. “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində (“Torpaq hüququ” prinsipi) və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır” (“Qan hüququ” prinsipi) [1]. Bu müddəada vətəndaşlığın əlamətləri müəyyən olunub.