AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK QANUNVERİCİLİYİ ÜZRƏ FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNİN MƏHKƏMƏDƏN KƏNAR HƏLLİ QAYDASI

Əsədova Ellada Möylə qızı,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının “Mülki və təsərrüfat

hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

Konstitusion hüquq kimi təsbit olunan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsi bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Dövlətin mühüm prioritetlərindən biri kimi işçilər üçün əlverişli əmək şəraiti sisteminin yaradılması, vətəndaşların sosial-əmək münasibətləri sahəsində hüquqlarının qorunması çıxış edir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında fərdi əmək mübahisələrinin qanunla müəyyənləşdirilmiş qaydada həll edilməsi ilə bağlı normalar öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının “Tətil hüququ” adlanan 36-cı maddəsində göstərilmişdir ki, fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Bundan başqa, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir [1].

Əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həll edilməsinin 2 prosedur qaydası təsbit edilmişdir:

  1. Fərdi əmək mübahisələrinin məhkəmədən kənar və ya məhkəməyədək həlli qaydası;
  2. Fərdi əmək mübahisələrinin həllinin məhkəmə qaydası.

Əmək mübahisələrinin, o cümlədən digər mübahisələrin məhkəmədən kənar həlli qaydası geniş yayılan və səmərəli həll forması hesab edildiyindən əmək qanunvericiliyi üzrə bu prosedur qaydasının təhlil edilməsi məqsədəmüvafiq olardı.

İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında fərdi əmək mübahisələrinin həlli qaydaları Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həlli qaydaları” adlanan 45-ci fəslinə müvafiq olaraq həyata keçirilir. Əmək Məcəlləsinin 294-cü maddəsinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Bundan başqa, qanunvericilik müəyyən edir ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər [2, m. 294].

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?