Qasımlı Nəzrin Rövşən qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs magistrantı
E-mail: [email protected]
Bu gün özünün əhəmiyyətinə və vacibliyinə görə əsas insan hüquq və azadlıqları universal və bölünməz bir dəyər olaraq dövlətdaxili hüquq (DH) və beynəlxalq hüququn (BH) qarşılıqlı münasibətləri və qarşılıqlı fəaliyyəti müstəvisində hüquqi tənzimlənmənin təsiri altındadır. Baxmayaraq ki, insan hüquqlarının müdafiəsi ideyası tarixən DH-un tənzimetmə sferasına aid olub. Bu ideyanın məğzində duran məna yükü ondan ibarətdir ki, istənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir [6, s. 156]. Lakin zaman keçdikcə insan hüquqlarının müdafiəsi hüquqi tənzimlənmə nöqteyi-nəzərindən dövlətlərarası sistem çərçivəsinə daxil olmuş və son nəticədə birbaşa fərdlərə ünvanlanan BH normalarının və prinsiplərinin sayı durmadan artmağa başlamışdır. Bu istiqamətdə əsas tarixi dönüş XX əsrin ikinci yarısına və ondan sonrakı tarixi proseslərə təsadüf edir. Xüsusən II Dünya müharibəsindən sonra bir sıra əhəmiyyətli hadisələr fonunda insan hüquqları ali dəyər kimi beynəlxalq müqavilələrdə və beynəlxalq hüquqi adətlərdə dövlətlərin müvafiq öhdəlikləri şəklində təsbit olundular. Hal-hazırda insan hüquqlarının müdafiəsi müasir BH-un əsas prinsiplərindən biri olan və özünün hüquqi təbiətinə görə jus cogens (mübahisə olunmayan hüquq) xarakterə malik olan, eyni zamanda dövlətlərin üzərinə erga omnes öhdəliklər qoyan “Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi” prinsipinə söykənir və bu prinsip rəhbər başlanğıc, rəhbər müddəa, imperativ norma kimi dövlətlərin konstitusiya və sahəvi qanunvericilik aktlarında öz təsbitini tapıb. Azərbaycan Respublikasının (AR) Konstitusiyasında insan hüquqları dövlətin ali məqsədi kimi müəyyən olunub və orada belə bir mühüm məqama toxunulur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir və bu Konstitusiyada sadalanan hüquqlar və azadlıqlar AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir [1, s. 7].