İsmayılzadə Mənsurə Ənvər qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası istiqamətində Azərbaycan Respublikasının (bundan sonra – AR) beynəlxalq hüququn (bundan sonra – BH) norma və prinsiplərinə söykənərək istər universal, istərsə də regional əsasda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, o cümlədən dövlətlərlə əməkdaşlıq etməsi və bu aspektdə formalaşmış təcrübədən yararlanması ölkənin gömrük siyasətinin əsas prioritetlərindən biri hesab olunmalıdır. Gömrük siyasəti – gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin səmərəli tənzimlənməsi, daxili bazarın kənar təsirlərdən qorunması, milli təsərrüfat sisteminin stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə gömrük işinin beynəlxalq normalara uyğun aparılmasıdır [6, s. 21]. Deməli, istənilən hər hansı dövlət kimi AR də özünün gömrük fəaliyyətinin tənzimlənməsində BH-nın gömrük məsələlərinin birbaşa tənzimlənməsinə aidiyyəti olan normaların milli qanunvericiliyə implementasiyasında maraqlı olmalı və bu sahədə praktiki tədbirləri həyata keçirərkən xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla təşkilati-hüquqi müstəvidə əməkdaşlıq etməlidir. Gömrük işi sahəsində BH əməkdaşlığın zəruriliyi və vacibliyi AR-in Gömrük Məcəlləsinin (bundan sonra – GM) bütöv bir sıra maddələrində öz təsbitini tapıb. GM-in 2.5-ci maddəsində vurğulanır ki, AR gömrük işi sahəsində qanunvericiliyin və bu sahədə təcrübənin BH-nın normalarına və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir [1]. Bu o deməkdir ki, ölkənin gömrük qanunvericiliyi birbaşa beynəlxalq əməkdaşlıq üçün hüquqi imkan müəyyən etmişdir.
BH nəzəriyyəsindən bizə məlumdur ki, dövlətlərarası əməkdaşlıq özündə hüquqi (konvension) və təşkilati-hüquqi (beynəlxalq təşkilatlar müstəvisində) əməkdaşlığı ehtiva edir və prinsip etibarı ilə konvension müstəvidə hüquqi əməkdaşlıq, təşkilati-hüquqi əməkdaşlığı da ehtiva edir. Ona görə ki, dövlətlərarası müstəvidə tənzimlənməsi zəruri olan bir çox münasibətlərin hüquqi əsaslarının formalaşmasında və həmin hüquq normalarının beynəlxalq standart olaraq etalonlaşmasında beynəlxalq təşkilatların rolu danılmazdır. Beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən normayaradıcılıq prosesinin son nəticəsi olan hüquqi göstərişlər, sonda onların müqavilə normaları [5, s. 17] formasında təzahür etməsinə gətirib çıxarır. Daha dəqiq desək, beynəlxalq müqavilə normaları “yus skreptum” xarakterinə malik olmaqla, bir tərəfdən, hüquqi tənzimlənmənin stabilliyinə təminat verir, digər tərəfdən, o, müasir dövrün reallıqlarını nəzərə almaq şərti ilə tənzimlənmənin gələcək inkişafına da təkan vermiş olur. Bütün bu qeyd edilənlər gömrük fəaliyyətinin beynəlxalq təşkilatlar çərçivəsində həm hüquqi, həm praktiki tənzimlənməsinə də aid edilə bilər. Odur ki, bu gün AR özünün gömrük işi sahəsində beynəlxalq təşkilatlarla və dövlətlərlə sıx əməkdaşlıqda maraqlıdır. Bu müstəvidə əməkdaşlığı zəruri edən faktorlar öz təbiətinə görə hüquqi, siyasi, geosiyasi və geoiqtisadi meyarlarla şərtləşir desək, – təbii ki, yanılmarıq.
AR-ın gömrük sahəsində beynəlxalq əməkdaşlığının ümumi formada iki istiqamətini qeyd etmək olar: onlardan birincisi – universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlıq; ikincisini isə – ayrı-ayrı dövlətlərlə, xüsusən də gömrük orqanlarının simasında ikitərəfli münasibətlər əsasında əməkdaşlıq təşkil edir.