Nuriyeva Günəş Nizami qızı,
Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Humanitar elmlər
kafedrasının baş müəllimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin dissertantı
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 25
E-mail: [email protected]
İnsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin şəxslərin qeyri-məhdud dairəsinə şamil edilməsi, öz normativ təsbitini tapan və qanuna zidd olmayan, eləcə də hər hansı normativ hüquqi aktda nəzərdə tutulmayan hüquq və azadlıqların məhkəmə müdafiəsinin predmeti olmasının mümkünlüyü, istənilən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, habelə istənilən vəzifəli şəxslər tərəfindən məhkəmənin müdafiəsi altında olan insan hüquq və azadlıqlarının pozulmasının və məhdudlaşdırılmasının istisnalığı, insan hüquq və azadlıqlarını bilavasitə məhkəmə müdafiəsinin özü ilə əlaqədar olan hissədə, lakin heç bir şəraitdə və halda məhdudlaşdırıla bilməyən hüquqlara aid olması kimi keyfiyyətlər məhkəmə hakimiyyətini səciyyələndirən əsas xüsusiyyətlər hesab olunur [1, s. 22].
Ədalət mühakiməsi cəmiyyətin və dövlətin konstitusiya və qanunlar ilə təsbit olunmuş prosessual prinsiplərə riayət edilməklə məhkəmə hakimiyyətinə həvalə etdiyi xüsusi fəaliyyət növüdür. F.Muhitdinova və L.Açilova ədalət mühakiməsinə məhkəmələrin işlərə baxılması və həlli üzrə proses iştirakçılarının hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini təmin etməyə yönəlmiş, prosessual hüquq normaları ilə tənzimlənən fəaliyyət kimi anlayış verərək, onun aşağıdakı cəhətlərini ayırmışlar: 1) ədalət mühakiməsi dövlət fəaliyyətinə aiddir və xüsusi subyekt – məhkəmələr tərəfindən həyata keçirilir; 2) ədalət mühakiməsinin xüsusi məqsədi vardır – məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas məqsədini əks etdirən, müxtəlif hüquq subyektlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini təmin etmək; 3) ədalət mühakiməsi digər fəaliyyət növlərindən prosessual hüquq normaları ilə tənzimlənən xüsusi prosessual formada həyata keçirilməsinə görə fərqlənir; 4) ədalət mühakiməsi çərçivəsində xüsusi hüquqi xarakter daşıyan məhkəmə aktları qəbul olunur və ədalət mühakiməsinin həyata keçirilməsinin bütün fəaliyyəti məhkəmə aktlarında öz əksini tapır; 5) məhkəmə hakimiyyətinin əsas funksiyası olaraq ədalət mühakiməsi təbiətinə görə hüquqtətbiqetmə fəaliyyəti sayılır [4].
Məhkəmə hakimiyyətinin, hüquq və ədalətin təntənəsinin təminatçısı kimi çıxış edən ədalət mühakiməsinin özünün də mühafizə altına alınması zəruridir. Başqa sözlə, hüquq müdafiə funksiyasını yerinə yetirən ədalət mühakiməsinin özünün də müəyyən hüquqi təsir vasitələri ilə mühafizə olunmağa ehtiyacı vardır. Bu baxımdan qanunvericilikdə ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısının alınması və ya buna hər hansı şəkildə mane olunmasına görə məsuliyyət tədbirləri nəzərdə tutulur. Konkret məsuliyyət növü müəyyən edilərkən hüquq pozuntusunun və onu törədən subyektin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır. Qeyd edilən deviant əməllərə görə hüquqi məsuliyyətin müəyyən edilməsi ədalət mühakiməsinin hüquqi təminatının vacib şərtlərindən biri kimi çıxış edir.