Zeynalzadə İnarə Rizvan qızı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Dövlət hüququ” ixtisasının magistrantı
E-mail: [email protected]
Azərbaycanda müstəqillik dövrünün ilkin mərhələsi demokratik seçki sistemi formalaşması, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsi ilə yadda qalmışdır.
Azərbaycan SSR-də prezidentlik institutu 1990-cı il mayın 18-də təsis edilmişdir. İlk prezident Ali Sovet tərəfindən 5 il müddətinə seçilmişdi.
«Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında» 26 iyun 1991-ci il tarixli Qanunda prezidentin səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında respublika vətəndaşları tərəfindən seçilməsi nəzərdə tutuldu. Qanuna əsasən yaşı 35-dən yuxarı olan və 65-dən yuxarı olmayan Azərbaycan vətəndaşları seçkidə iştirak edə bilərdilər. Seçkilərdə seçicilərin azı 50 faizinin iştirak etdiyi halda seçkilər etibarlı sayılır, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu almış namizəd qalib hesab edilirdi. Həmçinin Qanun eyni bir şəxsin dalbadal iki dəfədən artıq bu vəzifəyə seçilməsini qadağan edirdi. Prezident öz vəzifəsinin icrasına respublika Ali Sovetinin iclasında and içdiyi vaxtdan etibarən başlayırdı [1].
Yeni qanunun qəbulundan sonra 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Lakin Bakıda seçicilərin 80%-nin iştirak etmədiyini, Naxçıvan Muxtar Respublikasında və DQMV-də isə ümumiyyətlə seçkilərin keçirilmədiyini nəzərə alsaq, demokratik ab-havanın olmadığını demək mümkündür [10].
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra 7 iyun 1992-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət hakimiyyətində stabilliyin əldə edilməməsi, xarici və daxili siyasətdə buraxılan kobud səhvlər yeni prezident seçkilərinin keçirilməsini zəruri etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi dövrün bünövrəsinə çevrilmişdir.