Məmmədova Xəyalə Əli qızı,
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının əyani doktorantı
E-mail: [email protected]
Mülki prosessual hüquq elmi mülki işlərdə ədalət mühakiməsinin effektivliyi üçün müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi məsələsinin yüksək əhəmiyyətini yekdilliklə qəbul edir. Mülki prosessual qanunvericilikdə tətbiq olunan müvəqqəti təminat tədbirlərinin növlərinin genişliyi məqsədəmüvafiqdir. Almaniya mülki prosesual hüququnda effektiv müvəqqəti təminat tədbirləri tətbiq edilir. Almaniya və Azərbaycan təcrübəsində tətbiq edilən müvəqqəti təminat tədbirlərinin müqayisəli tədqiqi və mübahisələrin operativ həlli üçün mütərəqqi təcrübənin öyrənilməsi zəruridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsində müvəqqəti təminat tədbirlərinin növləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.(2)