Vəliyeva Heyvagül Valeh qızı,
Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya”
kafedrasının magistrantı
E-mail: [email protected]
Cinayət hüquq ədəbiyyatlarında ən çox rast gəlinən anlayışlardan biri də “cinayət tərkibi” anlayışıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə deyilir və o, cinayət məsuliyyətinin əsası kimi çıxış edir, qanunçuluğun möhkəmlənməsinə və ona riayət edilməsinə kömək edir, cinayət əməlinin düzgün tövsifini, məhkəmə tərəfindən cəzanın növünün və həddinin seçilməsini, insanların hüquq və azadlıqlarının qorunmasını təmin edir. Cinayət tərkibinin dörd əsas əlaməti (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) var. Cinayətin obyekti ictimai təhlükəli əməllə ziyan yetirilən və ya ziyan yetirmək təhlükəsi yaradan cinayət qanunu ilə qorunan ictimai münasibət, cinayətin subyektiv cəhəti cinayətin bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyəti, cinayətin subyekti isə ictimai təhlükəli əməli törədən və qanunla müəyyən edilən yaş həddinə çatan, anlaqlı olan fiziki şəxs başa düşülür.
Qeyd etdiyimiz kimi, cinayətin dörd əsas əlamətindən biri də cinayətin obyektiv cəhətidir. Cinayətin obyektiv cəhəti ictimai münasibətlərə ziyan vuran ictimai təhlükəli qəsdin, daha dəqiq desək, müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai təhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimai təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhəti ictimai təhlükəli əməllə (hərəkət və ya hərəkətsizliklə) səciyyələnən, müəyyən bir üsulla, konkret vasitələrdən və (və ya) alətlərdən istifadə etməklə, konkret məkanda, konkret zaman və konkret şəraitdə törədilmiş, ictimai təhlükəli əməllə səbəbli əlaqədə olan ictimai təhlükəli nəticələrin baş verməsinə gətirib çıxarmış cinayətin zahiri tərəfidir [3, s. 91].
Cinayətin obyektiv cəhətinin varlığını aşağıdakı ünsürlər müəyyən edir:
-müəyyən obyektə qəsd edən hərəkət və ya hərəkətsizlik;
-ictimai təhlükəli nəticə;
-hərəkətlə (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqə;
-əməlin törədildiyi üsul;
-əməlin törədildiyi zaman, məkan;
-əməlin törədildiyi şərait;
-əməlin törədilməsində istifadə edilən alət və predmetlər. Burada əksər alimlərin fikirləri üst-üstə düşür [5, s.152].
Daha ətraflı buradan oxuyun: